Şrift:
“Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının geniş elmi müzakirəsi
21.06.2017 [11:06] - Mədəniyyət
İyunun 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tutunda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevlə görüş keçirilib. Tədbir çərçivəsində alimin yeni çapdan çıxmış "Kitabi-Dədə Qorqud" po­eti­ka­sına giriş" kitabının müzakirəsi olub.

Akademiyadan bildirilib ki, AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan görüşdə bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib. O, "Kitabi-Dədə Qorqud" dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən akademik Kamal Abdullayevin bu dastanların daha bir gizlin tərəfinə işıq tutan ""Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən variant" monoqrafiyasının bugünlərdə nəşr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu monoqrafiya akademik Kamal Abdullayevin "Gizli Dədə Qorqud" silsiləsindən çalışmalarının ("Gizli Dədə Qorqud", "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud") məntiqi davamıdır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elmində dastan janrının formalaşmasından, inkişaf mərhələlərindən, ədəbiyyatımızda "Kitabi-Dədə Qorqud"un ilk tədqiqatlarından söz açıb. "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin müvafiq fərmanını xatırladan alim bundan sonra qədim abidə ilə bağlı elmi tədqiqatların daha da genişləndirildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, akademik K.Abdullayevin yaradıcılığında "Kitabi-Dədə Qorqud" mövzusu mühüm yer tutur və geniş tədqiq olunur. Kamal Abdullayev dastan mifoloji qatını daha aydın görür. O, "Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə "Sintaktik paralelizm" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Alimin Qorqudşünaslığa dair "Gizli Dədə Qorqud", "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya - Gizli Dədə Qorqud" kitabları nəşr edilib.

Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək kitabın müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarət olduğunu söyləyib. Bildirib ki. müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb. Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Diqqətə çatdırılıb ki, monoqrafiya mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed