Şrift:
Millət vəkili Urmu Gölünü Canlandırma Mərkəzini sərt tənqid edib: Mərkəz sənaye tullantılarını…
22.06.2017 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu Gölünü Canlandırma Mərkəzini tənqid atəşinə tutub.

O bu barədə İran parlamentinin xəbər agentliyhinə danışıb.

“Urmu Gölünü Canlandırma Mərkəzi yaranan böhranı aradan qaldırmaqla bağlı heç bir addım atmayıb, Mərkəz sadəcə sənaye tullantıları və kanalizasiya sularını gölə axıtmaqla məşğuldur”- deyə o bildirib.


“Son 4 il müddətində Urmu gölünün canlandırılması adına böyük məbləğdə vəsait xərclənib, lakin məbləğin böyük hissəsi digər yerlərə, o cümlədən reklam və təbliğat işlərinə sərf olunub. Göldə su səviyyəsi tarazlığının 18 santimetr aşağı düşməsi görülən işlərin yalnış olduğunun sübutudur”- deyə o əlavə edib.

Urmu Gölünü Canlandırma Mərkəzi hələ millət vəkilinin tənqidlərinə rekasiya verməyib, göl üçün ayrılan büdcə vəsaitinin harada xərclənildiyi bir müəmma olaraq qalmaqdadır.

“Urmu Gölünü Canlandırma Mərkəzi birinci addımda yeni su bəndlərinin tikilməsini dayandırdı, buna baxmayaraq göldə su səviyyəsi tarazlığı 2017-ci il iyunun 16-da, 4 il əvvəllə yəni 2013-cü il iyunun 16-ı ilə müqayisədə 18 santimetr aşağı düşüb. Əgər Azərbaycanda sonuncu sel suları olmasaydı, bu gün Urmu gölündə su səviyyəsi daha da aşağı olardı. Həqiqət budur ki, sel və daşqın suları Urmu gölündə vəziyyətin yaxşılaşmasına böyük yardım edib”- deyə millət vəkili qeyd edib.

N.Qazipur həmçinin Urmu Gölünü Canlandırma Mərkəzini, kənd təsərrüfatını məhv etməkdə ittiham edərək su quyularının ləğv edilməsinə öz etirazını bildirib. “Su quyularının ləğv edilməsi bölgədə bir milyondan çox əkinçiyə ağır ziyan vurub. Həmçinin bunun nəticəsində sənaye şəhərciklərinin tullantıları və kanalizasiya suları təmizlənmədən Urmu gölünə axıdılır, bu isə qəbuledilməzdir”- deyə o vurğulayıb.

O sözlərinin davamında vurğulayıb. “Çox təəssüflər olsun ki, Urmu gölü kanalizasiya suları və sənaye tullantılarının dəfn edildiyi yerə çevrilib. Belə bir vəziyyətdə göldə su səviyyəsinin yüksəlməsinə dair yalan xəbərlər də yayılır. Göldə suyun səviyyəsi aşağı düşüb və bu məsələ yay fesli ilə əlaqədar yox, Urmu Gölünü Canlandırma Mərkəzinin yalnış fəaliyyəti və büdcə vəsaitinin təmini ilə bağlıdır.”

N.Qazipur bir meddət öncə də kanalizasiya suları və sənaye tullantılarının Urmu gölünə axıdılmasına sərt etiraz etmişdir”

“Urmiyədə təmizləmə-saflaşdırma qurğuları, sənaye tullantıları və kanalizasiya sularının həcminə heç bir şəkildə uyğun deyil. Elə bu səbəbdən də yağıntılar zamanı çirkli sular təmizlənmədən Urmu dölünə axıdılır. Mən bu məsələni ətraf-mühitə ciddi ziyan vurduğu üçün hər zaman diqqətdə saxlamışam. Biz təmizləmə-saflaşdırma qurğularının gücləndirilməsi üçün Dövlət büdcəsindən yetəri qədər vəsait almağa çalışırıq. İstədiyimiz büdcə vəsaiti ayrılarsa, yəqin ki, Urmiyə şəhərinin kanalizasiya sularının 70-80 faizini təmizləmək mümkün olacaq”- deyə o vurğulamışdır.

Qeyd edək ki, Urmu gölü ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur. Bunun əsas səbəbi dövlət tərəfindən vəsaitinin təmin edilməməsi və Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-ciddi fəaliyyətidir.

İran prezidenti Həsən Ruhani 11-ci prezident seçkiləri dönəmində Azərbaycan türklərinə Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılması və Urmu gölünün canlandırılması ilə bağlı vəd vermişdir. Artıq onun 4 illik prezidentlik dövrü başa çatıb və hazırda ölkənin 12-ci prezidentidir, lakin verdiyi vədlərin heç birini yerinə yetirməyib.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed