Şrift:
Tehranda keçirilən “Qüds” günü yürüşündə Ruhaniyə qarşı şüarlar səsləndirilib
25.06.2017 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 23-də Fələstinə dəstək məqsədilə bir neçə min nəfərin iştirakı ilə Tehranda keçirilən yürüşdə İran prezidenti Həsən Ruhaniyə və Səudiyyə Ərəbistanına qarşı şüarlar səsləndirilib.



Daha çox karnavalı xatırladan yürüşə, “Sepah”çılarla “Bəsici” lər və onların ailə üzvləri, “Ənsar Hizbullah”çılar, mülki geyimli ETTELAAT-çılar, hakimiyyətdə təmsil olunan ruhanilər, “şəhid” ailələri, dövlət işçiləri, rəsmilər və məktəbli uşaqlar qatılıb.

İran prezidenti Həsən Ruhani və onun hökumət rəsmiləri yürüşə qatılsalar da, dini lider Əli Xamneyi tərəfdarları və hakimiyyətin radikal cərəyanına bağlı bir qrup ekstremist “Hizbullah”çı, Ruhaninin avtomobilini görən kimi gözlənilmədən ona qarşı şüarlar səsləndiriblər. “Hizbullah”çılar, “Amerikalı axunda ölüm olsun”, “Münafiqə ölüm olsun”, “Ruhani-Bənisədr, birliyiniz mübarək” və digər şüarlar səsləndiriblər. Nəticədə İran prezidenti mühafizəçiləri tərəfindən dövrəyə alınaraq avtomobilinə minərək yürüşü tərk edib.



Yürüşdə həmçinin Amerika və İsrail bayraqları yandırılıb, ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanı kralı Bin Salman və terrorçu İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi somvolik olaraq dara çəkilib, UNESCO-nun ədalətli təhsilə təkid edən 2330 sənədi pislənilib.



Xatırladaq ki, İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr, 1981-ci ildə ayətullah Xomeyniyə yaxın qüvvələrin hökumətinin işinə müdaxiləsinə etiraz bildirdikdən sonra prezident səlahiyyətləri əlindən alındı və o az sonra gizli şəkildə Fransaya qaçmaq məcburiyyətrində qaldı. “Qüds” günü yürüşündəki “Hizbullah”çılar isə “Ruhani-Bənisədr, birliyiniz mübarək” şüarını verməklə, o vaxtkı dini lider Xomeyni qarşısında dayanan Bənisədrin aqibətini Ruhaniyə xatırlatmaq istəyiblər.

Qeyd edək ki, “Qüds günü” yürüşü, hər il Ramazanın son cümə günündə Fələstinə dəstək məqsədilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed