Şrift:
Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsi məsələsi qətiləşib
29.06.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Özəlləşdirmə Təşkilatının rəisi Əli Əşrəf Abdullapuri Hüseyni Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsi ilə bağlı qərarın qətiləşdiyini elan edib.

O bu barədə iyunun 28-də “İsna” xəbər agentliyinə məlumat verib.

“Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğrudur. Şirkət iki il öncə dövlət tərəfindən özəl müəssisəyə buraxılıb, hazırda isə Polad Əməklilik Müəssisəsi Fondu onu özəl sektora ötürməkdə qərarlıdır”- deyə Əli Əşrəf Abdullapuri Hüseyni deyib.

O əlavə edib ki, müqavilə bağlandıqdan sonra şirkəti alan şəxslərin kimliyi ictimaiyyətə açıqlanacaq.

Təbriz Maşınqayırma Zavodu, şirkət işçilərinin bu məsələyə ardıcıl etirazına məhəl qoyulmadan özəlləşdirilir.

Əmək Koalisiyasının (İşçi Evi) Təbriz Şöbəsinin katibi Kərim Sadiqzadə Təbriz Maşınqayırma Zavodunun bu şəkildə özəlləşdirilməsinə dəfələrlə etiraz edib.

Ötən ay Təbrizin millət vəkilləri də ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq zavodun özəlləşdirməsinə qarşı olduqlarını elan ediblər. Onlar Maşınqayırma zavodunun Şesta Şirkətinə (Təmin-i İctimai İdarəsinin Yatırım Şirkəti) buraxılmasını istəyiblər.

Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod son illərdə dövlətin yalnış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Ötən həftələrdə İran mətbuatında bildirilmişdir ki, Özəlləşdirmə Təşkilatı, İran Polad Əməklilik Müəssisəsi tərəfindən zavodu iki fiziki şəxsə ötürüb. Bundan sonra Təbrizdə şirkətin özəlləşdirilməsinə qarşı etirazlar başladı.

İran Özəlləşdirmə Təşkilatının rəisi Mir Əli Əşrəf Abdullapur Hüseyni isə “Nəsr” xəbər agentliyinə verdiyi açıqlamada Təbriz Maşınqayırma Zavodunun özəl sektora buraxılmasına etiraz edənləri məhkəməyə şikayət etməklə təhdid etdi.

Son illərdə Şərqi Azərbaycanda 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə vəya fiziki şəxslərə ötürüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzədir. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir.
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed