Şrift:
Rəsul Rəzəvi azadlığa buraxılıb
30.06.2017 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz sakini, azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi 13 ay həbsdən sonra yaşadığı şəhərin mərkəzi zindanından sərbəst buraxılıb.

Məhkəmə hökmünün icrası üçün martın 24-də zindana salınan fəal əslində yanvarın 1-də həbs olunmalı idi, lakin onun müvəqqəti saxlanma müddəti hesablandıqdan sonra hökmün icrası martın 24-nə təxirə salınıb.

R.Rəzəvi 2015-ci ilin noyabr ayında (hicri-şəmsi təqvimi ilə 1394-cü il aban ayında) məlum “Fitilə” televiziya verilişinə qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və həmin dosyeyə görə 13 ay həbs cəzasına məhkum edilib. Fəal Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən qiyabi olaraq mühakimə edilmədən həbs cəzasına məhkum olunub.

Fəal 2015-ci il noyabrın 12-də Təbrizdə irqçiliyə qarşı keçirilən etiraz aksiyaları zamanı tutulub. Məhkəmə onu saxlandıqdan sonra əvvəlki dosyesinə görə Təbrizin mərkəzi zindanına göndərib.

R.Rəzəvi 2015-ci ilin oktyabr ayında (mehr ayı) Hüseyn Rəxşani Kiya və Sevindik Lütfi ilə birlikdə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 ayı şərti olmaqla bir il həbs cəzasına məhkum edilib. Məhkəmə onu Qüds Günü aksiyalarında uyğur müsəlmanlarına dəstək verdiyi üçün sistemin əleyhinə təbliğ ittihamı ilə həbs cəzasına məhkum edib. Həmin zaman yayılan məlumatlarda bildirilirdi ki, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi fəalın 6 aylıq şərti həbs cəzasını qəti həbs qərarına çevirmək və bu şəkildə onu 1 il azadlıqdan məhrum etdirməyə çalışır.

Azərbaycanlı fəal 2014-cü ilin iyun ayında (tir ayı) Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib. Hökm onun həmin il dekabr ayında saxlandığı zaman elan olunub. O 2015-ci il martın 3-də Təbrizin mərkəzi zindanından şərti azadlıq qanununa əsasən sərbəst buraxılıb.

R.Rəzəvi 2014-cü il aprelin 15-də Hüseyn Əli Məhəmmədi və Taha Kirmani ilə birlikdə təxminən 5 ay müvəqqəti saxlandıqdan sonra 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Onun Təbriz ETTELAAT İdarəsinin təcridxanasında saxlandığı zaman işgəncəyə məruz qaldığı bildirilir.

Azərbaycanlı fəal 2010-cu il aprelin 2-də Urmu gölünün quruldulmasına etiraz olaraq keçirilən aksiyalar zamanı Kəlantəri körpüsündə 100 etirazçı ilə birlikdə saxlanılıb.

Fəal 2011-ci il oktyabrın 9-da iş yerindən gələrkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, 16 gün saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

Azərbaycanlı fəal həbs edildiyi zaman 2016-cı il oktyabrın 3-dən noyabrın 15-dək uzunmüddətli aclıq aksiyası keçirib. Beynəlxalq Əfv Təşkilatı məhkəmənin ədalətsiz qərarı və təhlükəsizlik qüvvələrinin təzyiqlərinə etiraz olaraq keçirilən etiraz aksiyasına reaksiya verərək azərbaycanlı fəalın azadlığa buraxılmasını İran rəsmilərindən istəmişdir.

N.S
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed