Şrift:
AŞPA Bürosu azərbaycanlı deputatın hazırladığı sənədlə bağlı qərar qəbul edib
01.07.2017 [11:49] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Bürosunun yekun iclası keçirilib və həftə ərzində görülmüş işlər qiymətləndirilərək perspektivlər müəyyənləşdirilib.

Müzakirəyə çıxarılan məsələlər arasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sessiyada təqdim etdiyi və nəşr edilərək yayılmış qətnamə ilə bağlı təklifi də olub. AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin prioritetləri sırasında yer alan mövzuya həsr edilən, Rafael Hüseynovun hazırladığı “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənədi qurumda təmsil olunan 19 ölkənin nümayəndəsi imzalayıb.

Qətnamə üçün təklifin AŞPA Bürosunda müzakirəsi də uğurlu keçib və bu problemin dərindən öyrənilməsinə ehtiyac olduğu bildirilib. Büro yekdilliklə deputat Rafael Hüseynovun təqdim etdiyi bu sənəd üzrə ayrıca məruzə hazırlanması barədə qərar qəbul edib. Mədəniyyət, elm, təhsil və media komitəsinin sentyabr ayında keçiriləcək iclasında bu məsələ həllini tapacaq.

Adətən Büronun təsdiq etdiyi qətnamə üçün təkliflər üzrə problemi daha yaxşı bilən, onun aktuallığı və dərindən tədqiqinə diqqət yönəltmiş sənədin müəllifi məruzəçi təyin olunur. Bu baxımdan AŞPA-nın müvafiq komitəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bu mövzu üzrə məruzə hazırlayacağı gözlənilir. Bu, ölkəmizin təşkilatla əməkdaşlıq çərçivəsində daha bir nailiyyəti kimi dəyərləndirilə bilər.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed