Şrift:
Azərbaycanda yerli ixracatçılar üçün təlim proqramına başlanılıb
08.05.2012 [17:22] - İqtisadiyyat
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında yerli ixracatçılar üçün təlim proqramının keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

“Azpromo”dan verilən məlumata görə, memoranduma əsasən “Azpromo”, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GIZ-in birgə təşkilatçılığı ilə iş adamları üçün iyun ayından etibarən “İxracatçılar üçün təlim proqramı”na başlanılacaq. Cari ilin sonunadək davam edəcək proqramın məqsədi yerli sahibkarların ixrac prosedurları, xarici bazarlar və ixrac imkanları barədə məlumatlandırılmasıdır.

Bununla bağlı keçirilmiş tədbirdə “Azpromo”nun rəhbəri Adil Məmmədov qurumun fəaliyyəti və fondun yerli ixracatçı şirkətlərə göstərdiyi dəstək barədə məlumat verib və qeyd edib ki, ölkənin ixrac imkanlarının təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış “Azpromo” yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac imkanlarının artırılmasında, potensial tərəfdaşların tapılmasında, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, eləcə də iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Öz növbəsində GIZ-in icraçı direktoru Adolf Kloke-Lesk çıxış edərək yerli iş adamları və potensial ixracatçılar üçün keçiriləcək təlim proqramı barədə məlumat verib, təşkilatın ölkə üzrə direktoru Henninq Tvesten isə “İxracatçılar üçün təlim proqramı” mövzusunda təqdimatla çıxış edib.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed