Şrift:
Siyamək Mirzayi 18 gün sürən aclıq aksiyasını dayandırıb
05.07.2017 [11:05] - Güney Azərbaycan xəbərləri
Tehranın Evin zindanında saxlanılan tanınmış azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi iyulun 4-ü axşam saatlarında tələbləri yerinə yetirildikdən sonra 18 gün davam edən aclıq aksiyasını dayandırıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Tehran Apellyasiya Məhkəməsinin məsulları iyulun 4-də azərbaycanlı məhbusun vəkili Məhəmmədrza Fəqihiyə zəng vuraraq bildiriblər ki, müvəkkilinin işinə yenidən baxılması ilə bağlı mövcud bütün maneə və çatışmazlıqlar aradan qaldırılıb və Siyamək Mirzayinin dosyesi artıq ilkin məhkəmədən Apellyasiya Məhkəməsinə təhvil verilib. Telefon danışığında vəkil Məhəmmədrza Fəqihiyə bildirilib ki, o, müvəkkilinin məhkəmə iclasının keçirilməsinə hazırlıq işləri ilə əlaqədar, o cümlədən də onun müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılmasının mümkünlüyünü araşdırmaq üçün iyulun 8-də Tehranın Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət etməlidir.

Yayılan məlumatlara əsasən, vəkil Məhəmmədrza Fəqihi həmin gün axşam saatlarında məsələni müvəkkili ilə bir araya qoyub və məhz bundan sonra tələblərinin yerinə yetirildiyini görən Siyamək Mirzayi 18 gün sürdürdüyü aclıq aksiasını dayandırmaq qərarına gəlib. Qeyd olunur ki, 18 günlük aclıq müddətində yalnız mineral sulardan istifadə edən azərbaycanlı fəal fiziki baxımdan xeylək zəifləyib və o həmin qısa zamanda 12 kilo yarım arıqlayıb.



Xatırladaq ki, 1 ilə yaxındır Evin zindanının 8-ci korpusunda saxlanılan fəal Siyamək Mirzayi, qanunsuz həbsinə, həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirirdi.



“ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed