Şrift:
Babək təmizqanlı Azərbaycan türkü idi
10.05.2012 [01:45] - Müsahibə
Ceyhun Bayramlı: "Babək təkcə zülmə qarşı cihada qalxmış bir üsyançı yox, eyni zamanda türk dünyasında ilk Türk-İslam dövlətinin qurucusu olan bir hökmdardır"

Bir neçə ay bundan öncə "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, tədqiqatçı-yazar Ceyhun Bayramlı ilə Babək və Xürrəmilər mövzusunda etdiyim müsahibəni olduğu kimi təqdim edirəm: Çünki, son günlər Babək şəxsiyyətinə qarşı aparılan anti təbliğata qarşı cavab olaraq, bu müsahibənin yayımlanması bu istiqamətdə səslənən fikirlərə cavabda ola bilər.
- Ceyhun müəllim, öncə sizi bu günlərdə çapdan çıxan "Babək və hürrəmilik" kitabınıza görə təbrik edirəm. ümumiyyətlə, bu əsəriniz indiyə qədər Babəklə bağlı yazılan əsərlərdən nə ilə fərqlənir?

- Bu əsər ilk növbədə xilafət dövrü saray tarixçilərinin və XX əsr sovet tarixşünaslığının "Babək İslama qarşı vuruşub və kafir olub" fikrinin puç olduğunu, Babək və onun ətrafında mübarizə aparmış hürrəmilərin imanlı müsəlmanlar olduqlarını elə həmin ərəb-fars tarixçilərinin mənbələri əsasında sübut edir.
Daha sonra, bu əsər indiyədək sözügedən mövzuda yazılmış əsərlərdən fərqli olaraq, Abbasi xanədan mənsublarının özlərinin İslamın təməl prinsiplərinə daban-dabana zidd siyasət yürütdüklərini, İslamı kökündən sapdıran ideologiyaya (Mötəziliyyə) malik olduqlarını, İslam bayrağından sui-istifadə edərək ərəb işğalına yol açdıqlarını, İslamı sidq-ürəklə qəbul etmiş Azərbaycan türklərini zülmə məruz qoyduqlarını, eyni zamanda Babəkin İslami düşüncəsinin də xilafətçilik düşüncəsinə zidd olub ruhaniyyətə, ilahi hikmətlərə, sufi yoluna bağlı olduğunu ortaya qoyur. "Babək və hürrəmilik" əsərinin əsas qayəsi Hürrəmilik hərəkatının başlıca məqsədinin Azərbaycanda Abbasi xilafətindən asılı olmayan müstəqil Türk-İslam dövlətinin qurulmasını ictimaiyyətə göstərməkdir.
Düşünürəm ki, uzun yüzilliklərdən sonra bu gün bizim Babək şəxsiyyəti barədə gerçəkləri ortaya qoymağımıza, ona edilmiş tarixi haqsızlığı aradan qaldırmağımıza çox ideal bir şərait və zəmin yaranıb, bu fürsətdən mütləq istifadə olunmalıdır.
- Hürrəmilik hərəkatının fəlsəfi-ideoloji mahiyyətində nə dururdu və hərəkat əsas mayasını nədən götürmüşdü? Xüsusilə bu hərəkatın Azərbaycanın sonrakı tarixi dönəminə nə kimi təsiri olub?

- Hürrəmilik hərəkatının dini-fəlsəfi və ideoloji yönümü İslamın batiniyyə qoluna yaxın olmaqla, özündən sonrakı dövrlərin Sufilik, Hürufilik və Qızılbaşlıq düşüncəsini özündə ehtiva edirdi. Adlarını çəkdiyim bu cərəyanların dini-fəlsəfi və ideoloji baxış açısı əsərdə müxtəlif tarixi məxəzlərin məlumatları və əlbəttə ki, Quran ayələri əsasında, Hürrəmiyyə cərəyanının ideoloji baxış açısı ilə tutuşdurularaq eyniləşdirilir. Hərəkatın əsas ideoloji mayasını isə İbrahim peyğəmbərin Təktanrıçılıq düşüncə sisteminə əsaslanan Qam dünyagörüşü təşkil edirdi. Və miladdan öncəki bu ilahi dünyagörüşünü tarixən yolundan sapdırmaq və məhv etmək istəyən yad qüvvələr eramızın IX əsrində Babək və hürrəmiləri özlərinə hədəf seçmişdilər. Sualınızın ikinci hissəsinə gəlincə, Hürrəmilik hərəkatı nəticə etibarilə Azərbaycan türklərinin daha böyük əzm və qətiyyətlə zülmə qarşı birləşməsinə, uzun mücadilələrdən sonra Sacoğullarının timsalında öz müstəqil türk-islam dövlətini qurmasına gətirib çıxardı.
- Oxucularımızı ən çox düşündürən suallardan birini vermək istərdim: Babək şəxsiyyəti türk dünyası üçün kimdir və onu türk dünyasında necə qəbul edirlər?

- Babəkin dünənəcən sadəcə bir üsyançı - inqilabçı olması barədə yayılmış fikirlər yarımçıq və özünü doğrultmayan fikirlərdir. Babək təkcə zülmə qarşı cihada qalxmış bir üsyançı yox, eyni zamanda türk dünyasında ilk Türk-İslam dövlətinin qurucusu olan bir hökmdardır. Dünənəcən türk dünyasında ilk türk-müsəlman dövləti olaraq Qaraxanlılar qəbul edilirdi, sonra milli düşüncəyə sahib tarixçimiz Kərəm Məmmədov və digərləri ilk türk-müsəlman dövlətinin Azərbaycanda IX əsrin ikinci yarısından etibarən mövcud olmuş Sacoğulları (Sacilər) dövləti ola biləcəyi fikrini faktlarla (əsaslar) ortaya qoydular. Bu günsə Babək hərəkatını tədqiq etdikdən sonra çəkinmədən demək olar ki, dünya tarixində ilk türk-müsəlman dövləti Babəkin qurduğu və 22 il ərzində hökmdarı olduğu Azərbaycan dövlətidir. Mənbələrdə bunu isbatlayacaq yetərincə fakt (sübut) var. Mən Babəkin Türk dünyasında məhz bu cür qəbul edilməsinin tərəfdarıyam. Babəkin apardığı Ruhi Savaş onun təkcə bir hökmdar yox, eyni zamanda bir Tanrı Əsgəri olduğunu söyləməyə əsas verir. Babək zirvəsi özü-özlüyündə bu gün dünya tarix elmində adları çəkilən Hannibal, Uilyam Uollas kimi tarixi şəxsiyyətlərin hər birindən qat-qat yüksək bir zirvədir. Bu mənada, bütün Türk dünyası özünün bu cür tarixi şəxsiyyəti ilə fəxr etməlidir.
- Sizcə, xəlifə Mötəsim digər türk sərkərdəsi olan Afşin Hidr ibn Kavusu Babəkin üzərinə göndərməklə türkü türkün əli ilə məğlub etmək istəyirdi, yoxsa burada hələ də bizə məlum olmayan başqa qaranlıq məqamlar var?

- Təəssüf ki, tarixin bir çox dönəmində olduğu kimi, həmin dövrdə də Türk soyunun mənsubları arasında yad imperiyalara xidmət etməklə özlərinə karyera (şan-söhrət, vəzifə) quranlar tapılmışdır. Məgər bugünkü İranda buna bənzər bir durum yoxdurmu? Afşin Hidr ibn Kavus da bunlardan biri idi. Babəkin oğluna ünvanladığı "bir gün azad yaşamaq qırx il qul olmaqdan üstündür" fikrindəki "qul" sözü məhz Abbasi xəlifəsinin qulu olmağı özünə şərəf və fürsət bilən Afşin Hidr ibn Kavus, Buğa, Əşnas, İtax kimi türk sərkərdələrini ifadə edirdi. Türk Babəkin və Hürrəmilərin öhdəsindən isə, əlbəttə ki, onlardan qat-qat cılız düşüncə və dərketməyə malik olan hansısa ərəb, yaxud pers sərkərdəsi gələ bilməzdi. Biabırcasına məğlub edilmiş bir neçə xilafət sərkərdəsinin acı aqibəti xəlifə Mötəsimə bunu başa salmışdı. ümumən isə, mənim fikrimcə, tarixən türkü türkə, yəni onun özündən olan birisinə qarşı qoymaq ərəb düşüncəsinin məhsulu deyil, bunun örnəklərini biz hələ miladdan öncəki Azərbaycan Maday dövlətinin çöküşü zamanı görə bilirik. Abbasi xəlifələri bu düşüncəni məhz həmin anti-türk qüvvələrin xələfləri olanlardan götürmüşdülər.
- Babəkin etnik mənşəyi haqqında müxtəlif fikirlər bildirilir. Tarixi mənbələr bu haqda nə deyir?

- Bu gün Babəkin guya qeyri-türk olması ilə bağlı cəfəng iddialar irəli sürənlərin fikirləri heç bir tarixi mənbə məlumatına söykənmir və onların cılız təxəyyüllərinin məhsulu olmaqla tamamilə əsassızdır. ümumiyyətlə, mənbələrdə Babəkin milli kimliyi açıq və konkret şəkildə yazılmayıb, sadəcə, onun Ərdəbil yaxınlığınd.akı Bilalabad kəndindən olduğu qeyd olunub, bununla yanaşı, müxtəlif hadisələr zamanı, ayrı-ayrı epizodlarda (səhnə) Babəkin öz dilində söylədiyi ifadələr, fikirlər açıq şəkildə yer alıb, bunlara əsasən tam əminliklə demək mümkündür ki, Babək təmizqanlı bir Azərbaycan türkü idi və İslamın şəriət sisteminə əsaslanmayan sufi-qızılbaş yolunun yolçusu idi, buna heç bir şübhə ola bilməz.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed