Şrift:
Bakı Metrosunda qatarlar iyulun 10-dan yay qrafikinə keçəcək
07.07.2017 [12:13] - Gündəm, Bildiriş
“Bakı Metropoliteni” QSC iyul ayının 10-dan qatarların yay qrafiki ilə hərəkət edəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, qatarlar arasında interval pik saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda, əsasən, 3 dəqiqə olacaq. Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

N.Paşayevin sözlərinə görə, yay qrafikinə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Pik saatlarda “Həzi Aslanov” metro stansiyasından “28 May” metro stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək.

“Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, “28 May” metro stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” metro stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar pik saatlarda 5 dəqiqə, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir. Qeyd edək ki, pik saatlarda hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq”, - deyə N.Paşayev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed