Şrift:
Qazaxıstan parlamentinin rəsmisi: "Valideynlərim tez-tez bizə tarixi vətənimiz Azərbaycan haqqında danışardı"
11.07.2017 [10:26] - Müsahibə, Diaspor
Azərbaycandan kənarda həm dövlət, həm də özəl sektorda yüksək vəzifələrdə çalışan soydaşlarımız çoxdur. "Report" xaricdə bu və ya digər strukturlarda aparıcı vəzifə tutan, uğur əldə edən azərbaycanlılarla müsahibələrin dərcinə başlayır.
Həmyerlimiz İnarə Rəhimzadə Qazaxıstan Respublikası Məclisinin qanunvericilik şöbəsinin baş məsləhətçisidir. O, "Report"un əməkdaşının sullarını məmnuniyyətlə cavablandırıb.
- İlk növbədə özünüz haqqında danışın. İndiyə qədər nə işlə məşğul olmusunuz və hazırda hansı mövqeyi tutursunuz? Ailəniz nə vaxtdan Qazaxıstanda məskunlaşıb? Ümumiyyətlə, ailəniz bu ölkədə nə işlə məşğul olur?
- Valideynlərim Azərbaycandandır, qardaşımla mən isə Qazaxıstanda, Semipalatinsk regionunda anadan olmuşuq. Elə orada adi sovet məktəbini bitirmişik. Uşaq olarkən valideynlərim tez-tez bizə tarixi vətənimiz Azərbaycan haqqında danışardı, Azərbaycana qohumlarımızı görməyə gedərdik və hər bir uşaq kimi, məişətimizi, adət-ənənələrimizi müqayisə edər, fərqlər axtarardıq. Hərçənd fərq elə də çox deyil. Hər iki xalqın öz tarixi, qədim və rəngarəng mədəniyyəti var. Müxtəlif mədəniyyətləri və dəyərləri bilmək və onlara hörmət etmək insanı zənginləşdirir və onun dünya görüşünü genişləndirir.
Hələ məktəbdə oxuyarkən şairlərin yaradıcılığını öyrənən zaman anladım ki, insanın mənəvi və əxlaqi tərbiyəsinə baxış bir çox adət-ənənələrdə və mədəniyyətlərdə eynidir. Misal üçün, Qazaxıstan şairi Abay Kunanbayev və Azərbaycan şairi Nizami Gəncəvi arasında olduğu kimi. Onlar fərqli dövrlərdə yaşasalar da, yaradıcılıqlarında gənc nəsilə aşıladıqları dəyərlər məsələsində dünya görüşləri oxşardır.
Onların hər biri özündən sonra indi fəxr etdiyimiz miras qoyub və onlar bu gün də dəyərini itirmir. Belə ki, onlar bizə arzulamağı öyrədir, qardaşlığa, azadlığa, xeyirxahlığa, sevgiyə və s. çağırır.
Peşə seçimimə hər şeyə maraq göstərməyim və ali ədalət hissi, dinc və mehriban yolla mübahisələri həll etmək arzusu təkan verib. Sözün hər mənasında yaxşı hüquqşünas olmaq istəyirdim.
Bu gün ali hüquqi təhsil həyatın müxtəlif sahələrində özünü reallaşdırmaq üçün başlanğıc meydandır. Hüquqşünasların bir çoxu özünü elmi, pedaqoji fəaliyyətdə, dövlət xidmətində, biznesdə, siyasətdə və s. tapır.
Qardaşımı isə torpaq və onun dərinlikləri maraqlandırıb, ona görə də geologiya sahəsinə gedib çıxıb. O, Qazaxıstan Milli Universitetini uğurla başa vurub. Uzun müddət uran və qızıl üzrə ixtisaslaşıb. Bu gün isə o, "Kazgeologiya" milli şirkətinin əməkdaşıdır və uzunmüddətli təcrübə və biliklərini uğurla həyata keçirir.
İnsanın nə seçməsindən asılı olmayaraq, o, daim axtarışdadır. Buna görə də əvvəlcə nəzəri bilikləri mənimsəməlisiniz və mən universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Əmək fəaliyyətinə məhkəmə sistemində başlamışam, sonradan yerli icra hakimiyyəti orqanına - akimata keçmişəm. Bu sahələr birbaşa insanlarla işləməklə bağlıdır.
Eyni anda hakim vəzifəsinə seçim imtahanlarını uğurla keçdim, vəkillik və notarial fəaliyyət üçün lisenziya aldım.

Mütəxəssis kimi yetişib inkişaf etməyimdə əsas amil 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüş olub. Onun gənclərə qarşı münasibəti, xeyir-duası nəticəsiz qala bilməzdi. Psixoloji olaraq qərara aldım ki, praktiki məqsədəuyğunluq baxımından regionda işlədikdən sonra biliklərimi əhalinin problemlərini həll etməyə yönəldə bilərəm.
Bunun nəticəsində Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyində əmək fəaliyyətimi davam etdirdim. İşlədiyim dönəmdə məni qurumdaxili "Ədliyyə orqanlarının əlaçısı" mükafatı ilə təltif etdilər. Hazırda Qazaxıstan Respublikası Məclisinin qanunvericilik şöbəsində çalışıram.
Başqa sözlə, dövlət qulluğunun bütün mərhələlərini keçmişəm. Qanunların təcrübədə necə işlədiyini bilirəm, çünki onların hazırlanması mərhələsində iştirak etmişəm. Bu gün isə onların həyata keçirilməsi prosesində iştirak edirəm. Deyə bilərəm ki, iş çox maraqlıdır, canlıdır. Burada yalnız təcrübə və bacarıq yox, həm də nəzəri biliklər lazım gəlir. Axı, qanun layihəsinin baxılması üzrə işçi qruplarında necə müzakirələr getdiyini hamı bilmir. Qanunu, təbii ki, deputatlar qəbul edir. Amma Aparat məşvərətçi səs hüququna malikdir. Bu baxımdan tez-tez hüquqi məsələlər üzrə deputatlarla işləmək lazım gəlir.
Eyni zamanda, qeyd etmək vacibdir ki, həyatımın bütün dövrlərində şəxsiyyət və onun maraqlarının inkişafında mühüm amil olan bütün hüquq və azadlıqlarımdan istifadə edərək özümü Qazaxıstanın tam hüquqlu vətəndaşı kimi hiss etmişəm.
Fürsətdən istifadə edib, Qazaxıstanda sabitlik və inkişafa nail olduğuna görə, prezident Nazarbayevə, onun müdrik siyasəti və dövlət strategiyasına təşəkkür etmək istərdim.
Dövlət başçısının rəhbərlik etdiyi "Nur Otan" partiyasının üzvü kimi yürüdülən siyasətin bir parçası olmaq məqsədilə onun bir sıra tədbirlərində fəal iştirak edirəm.
- Azərbaycanlılar Qazaxıstanın ictimai-siyasi, inzibati sahələrində necə iştirak edir? Say və fəaliyyət göstərdikləri sferalar baxımından vəziyyət necədir?
- Azərbaycanlılar Qazaxıstanda say baxımdan 10-cu ən çoxsaylı xalqdır və kəndlilər arasında çoxuşaqlılıq ənənələrinin qorunması səbəbilə müsbət artım dinamikasına malikdirlər. Bu günə qədər diaspor üzvlərinin sayı 200 minə çox yaxınlaşıb. Respublika ərazisində "Turan" Qazaxıstan Azərbaycanlıları Konqresi, "Heydər" Azərbaycan Gəncləri Birliyi fəaliyyət göstərir. Bundan başqa, indi ölkənin bütün vilayətlərində və iri şəhərlərində Azərbaycan birlikləri və assosiasiyaları yaradılıb: Almatı vilayətində "Qobustan", Jambılda "Azəri", Pavlodarda "Vətən", Mangistauda "Dostluq". Azərbaycan dili bazar günü məktəblərində tədris olunur.
Ümumiyyətlə, Qazaxıstan Respublikasında Azərbaycan etnik qrupunun nümayəndələri Qazaxıstan vətəndaşlarıdır. Onlar ölkədə sülh və rifah ideyalarının möhkəmləndirilməsinə töhfə və tam dəstək verir.
Azərbaycan diasporunun nümayəndələri arasında ölkəmizin iqtisadi, mədəni və siyasi inkişafına töhfə verən sahibkarlara, mühəndislərə, siyasətçilərə, elm, təhsil, mədəniyyət və idman xadimlərinə rast gəlinir.
Qazaxıstanın ictimai-siyasi həyatında azərbaycanlının iştirakı baxımından parlaq nümunə Asılı Osmanovadır. Milliyyətcə azərbaycanlı olan bu xanım Qazaxıstan Xalq Assambleyasının üzvü, Qazaxıstan Respublikasının əməkdar xadimi, filologiya elmləri doktorudur. Ölkə qarşısında göstərdiyi xüsusi xidmətlərə görə, "Dostık" və "Parasat" ordenləri ilə təltif olunub. Onun vətəndaşlıq mövqeyi və vətənpərvərliyi Qazaxıstanın gənc nəsli üçün nümunədir.
- Sizcə, Qazaxıstan parlamentində azərbaycanlı deputatların sayının az olması nə ilə bağlıdır? Bildiyimiz qədər, hazırda parlamentdə yalnız bir azərbaycanlı var...
- Məclisinin altıncı çağırışının milli tərkibinə qazaxlar, ruslar, ukraynalılar, eləcə də azərbaycanlı, erməni, özbək, uyğur, çeçen, Koreyanın Dunqan regionundan olan və digər etnik qrupların nümayəndələri daxildir.
Qeyd etmək lazımdır ki, əvvəllər deputat heyətində heç bir azərbaycanlı olmayıb. Ona görə də hesab edirik ki, bu, yaxşı başlanğıcdır. Çünki etnik qrupun maraqları parlament nümayəndəliyi tərəfindən təmin olunur.
Bundan əlavə, bu məsələyə, məncə, daha geniş spektrdə baxmaq lazımdır. Dövlət siyasəti hər millətin nümayəndəsinə deputat olmaq imkanı verir və hamıya imkan yaratmaq üçün tarazlığı saxlamaq zəruridir. Amma zaman yerində dayanmır. Bəlkə də Qazaxıstan Xalq Assambleyasında deputatların sayının artırılmasına ehtiyac duyulacaq və biz buna yalnız sevinərik.
- Ümumiyyətlə, hansı ölkənin etnik millətinin nümayəndələri ölkədə inzibati, seçkili vəzifələrdə (məmurlar, deputatlar) sayca daha çoxdur? Bundan əlavə, ermənilər tərəfdən sizə qarşı hər hansı maneə, insident törədilib? Qazaxıstanda Azərbaycan həqiqətlərinin təşviqi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri barədə həqiqətlərin çatdırılması haqqında nə düşünürsünüz?

- Qazaxıstan Respublikasında Qazaxıstan Xalq Assambleyası fəaliyyət göstərir və Assambleya Respublikanın millətlərarası münasibətləri effektiv həll edən ölkə kimi beynəlxalq nüfuzunun artmasına qatqı təmin edir. QXA-nın yaradılması normaları və tənzimlənməsi Konstitusiyada, eləcə də "Qazaxıstan Xalq Assambleyası haqqında" ayrıca qanunda təsbit edilib.
Belə ki, ölkədə Qazaxıstanda mövcud olan bütün etnosların mədəniyyət, dil və ənənələrinin inkişafı üçün hər cür lazımi şərait yaradılıb. Ölkədə milli dil ilə təhsil verən 214 məktəb var. Milli teatrlar fəaliyyət gösətrir: rus, uyğur, koreya, alman (MDB məkanında yeganə), özbək. 37 etnik KİV yaradılıb.
Seçkili vəzifələrdə etnik qrupların nümayəndələrinin sayı barədə artıq yuxarıda danışdıq. Digər inzibati vəzifələrdə isə hamı qanun qarşısında bərabərdir, vakant yeri tutmaq üçün qanunvericiliyin tələblərinə və normalarına uyğun olmalısan.
Beləliklə, bu gün Qazaxıstanda Nursultan Nazarbayevin siyasəti sayəsində vahid nəhəng qazax şanırakı altında 130-dan çox millətin və 18 konfessiyanın nümayəndələri dinc şəraitdə yaşayır.
KİV hər zaman Qazaxıstan və Azərbaycan arasında olan dostluq münasibətlərinin düzgün və real əksini canlandırır.
Biz çoxmillətli ölkədə yaşayırıq, qardaş qazax xalqına hörmət naminə həmişə millətlərarası problemlərdən qaçmağa çalışırıq. Və bu, dövlətin strategiyası, rifahı və inkişafıdır! Əlbəttə, hər bir azərbaycanlının qəlbində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair arzu var, biz buna çox ümid edirik.
- Qazaxıstanda kifayət qədər fəal diplomatik missiya - Azərbaycan səfirliyi var. Onlarla əlaqələriniz necədir? Azərbaycan diasporunun Qazaxıstandakı fəaliyyəti necədir? Birgə fəaliyyətiniz nədən ibarətdir?
- Ölkələrimiz arasında çox yaxşı münasibətlərin olmasına görə şadıq. Azərbaycan səfirliyi tarixi vətənimizi çox fəal şəkildə təmsil edir. Bunu KİV-də, sosial şəbəkələrdə və müxtəlif saytlarda görmək olar. Biz dəfələrlə Azərbaycan səfirliyinin tədbirlərində iştirak etmişik, hər şey yüksək səviyyədə keçib.
Azərbaycanın Qazaxıstandakı səfiri hörmətli Rəşad Məmmədov Qazaxıstanın bir çox tədbirlərində fəal iştirak edir. Onun rəhbərliyi altında digər millətlərin nümayəndələrinin iştirakı ilə bir sıra birgə tədbirlər keçirilir və bu, onun müdrik və iddialı diplomat olduğunu göstərir.
Qazaxıstan Xalq Assambleyasının təşkilatçılığı ilə çox sayda tədbirlər keçirilir. Bu tədbirlərdə bütün digər xalqların nümayəndələri ilə bərabər, azərbaycanlılar da olur. "Heydər" Azərbaycan Gəncləri Birliyi bu baxımdan bütün etnomədəni mərkəzlərindən öz fəallığı ilə fərqlənir. Qeyd etmək lazımdır ki, Birliyin tərkibi çoxmillətlidir. Bu təşkilatın uğurlu fəaliyyətində onun rəhbəri Bəhruz Axundovun böyük rolu var. O, qısa müddətdə şanırakı altında bir neçə millətin gənclərini birləşdirib.
Bu gün Qazaxıstan və Azərbaycan baxış eyniliyi və mövqe oxşarlığı nümayiş etdirir. Bu, ən mühüm həm qlobal, həm də regional xarakterli məsələlərə aiddir. Hökumətlərarası Komissiya sayəsində ikitərəfli məsələlərin geniş spektri həllini tapır, müntəzəm qaydada XİN-lərarası məsləhətləşmələr aparılır, parlamentlərarası dostluq qrupu və müxtəlif qurumlararası komissiyalar aktiv fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed