Şrift:
Hüseynqulu Bağırov: “Ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır”
13.07.2017 [10:29] - Sosial
Son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib.

Bunu Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub.

“Nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb, burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir. Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq”, deyə nazir bildirib.

H. Bağırov bildirib ki, BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb: “180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub. Meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub.Həmin qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb”.

Nazirin sözlərinə görə, ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb: “Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub”.

H. Bağırov bildirib ki, Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır: “Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək dəniz akvatoriyasını əhatə edən Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək ki, bu da ən qabaqcıl Avropa ölkələrinin səviyyəsi deməkdir”.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed