Şrift:
Tehran televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq
14.07.2017 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranda fəaliyyət göstərən “Səhər” dövlət televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq. İran Aşıqlar Birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazinin aparıcılığı ilə yayımlanacaq bu verilişin efir vaxtı təxminən bir saata yaxındır və həftədə bir dəfə efirə çıxacaq.

İran Aşıqlar Birliyindən bildirilib ki, gələcəkdə verilişin həftədə iki dəfə yayımlanması, habelə aşıqların ifasında dastanların səsləndiriləcəyi digər bir verilişin də açılması nəzərdə tutulur. İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, İranın Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəncan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində fəaliyyət göstərirlər. Bu bölgələrin hər birində aşıqlar özünəməxsusluğu ilə fərqlənirlər.

Verilişin açılmasında məqsəd İranda yaşayıb fəaliyyət göstərən aşıqları həm ölkə daxilində, həm də xaricdə daha geniş təbliğ etmək, ayrı-ayrı aşıq mühitlərinin özünəməxsusluğunu göstərmək, beləliklə də bu sənətin inkişafına töhfə verməkdir. Bu verilişlərə Azərbaycandan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən də aşıqlar dəvət olunacaq.

Qeyd edək ki, 2015-ci ildə yaradılıb rəsmi dövlət qeydiyyatına alınmış İran Aşıqlar Birliyi qısa müddətdə bir sıra uğurlara imza atıb. Bir neçə beynəlxalq festivallar keçirilib, ustad aşıqların yubileyi qeyd olunub. Bu tədbirlər sırasında Aşıq Ələsgər və Dədə Şəmşirə həsr olunmuş festivallar xüsusilə qeyd olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed