Şrift:
Məşhur loğman azərbaycanlıların ən çox əziyyət çəkdiyi xəstəliklərin adlarını açıqladı
15.07.2017 [11:07] - Sağlıq
Müasir dövrdə texnologiyanın inkişafı digər sahələr kimi səhiyyəyə də təsir edib. Demək olar ki, əksər xəstəliklərin çarəsi məlumdur. Lakin xalq arasında xəstəliklərin müalicə üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirərək yaşadan qeyri-ənənəvi təbabət forması da mövcuddur. Hələ səhiyyənin formalaşmadığı dövrdə insanlar xalq həkimi və ya loğman adlandırdığımız kəslərə inanıb və müraciət edib. Bu insanlar öz bilikləri, təcrübələri ilə xəstələrə köməklik göstəriblər. Düzdür, bu sahəyə bələd olmayan və sadə camaatın inamından istifadə edənlər az deyil. Lakin işinin peşəkarı olanlar da mövcuddur.

Maraqlıdır, hazırda xalq həkimlərinə müraciət edənlərin sayında hansı dəyişikliklər müşahidə edilir? Eyni zamanda bu sahəyə rəsmi nəzarət varmı?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Modern.az-a verilən məlumata görə xalq təbabəti ilə məşğul olmaq istəyənlərin mütləq lisenziyası olmalıdır:

“Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər. Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir”.

Azərbaycanda xalq təbabəti sahəsində kifayət qədər tanınan mərhum Bəhruz Qurşumovun davamçısı, oğlu Arif Qurşumov Modern.az-la söhbəti zamanı bildirib ki, son zamanlar xalq təbabətinə müraciət edənlərin sayı artıb. O, həmçinin Azərbaycanda insanların daha çox hansı xəstəlikdən əziyyət çəkdiyini sadalayıb:

“Artıq insanlar kimyəvi preparatlara etibar etmir. Bu səbəbdən mənə müraciət edənlərin sayı da artıb. Demək olar ki, əhalinin 90 faizi qurd-parazit xəstəliklərindən əziyyət çəkir. O cümlədən 25-30 yaşından sonra 10 qadından 6-sında qadın xəstəlikləri ortaya çıxır. Düzdür, çox adamda bu cür problemlər əlamətlərini biruzə vermir. Daha sonra ağrılar birdən-birə başlayır və xəstəliklər üzə çıxır. Həmçinin, zobdan əziyyət çəkən də çoxdur və bunların əksəriyyəti qadınlardır. Böyrək daşı da artan xəstəliklərin sırasındadır. Bütün bunlara qidalar, ekoloji vəziyyət, stress, maddələr mübadiləsinin pozulması təsir edir.

Müəyyən xəstəlikdən əziyyət çəkən insanların analiz verməyinə ehtiyac yoxdur və diaqnozu özüm qoyuram. Yəni xəstənin əlamətlərindən bilirəm ki, məsələn, qurd var, ya yoxdur. Lakin qadın xəstəliyi, böyrək daşı olanlara UZİ-dən keçib gəlməyi məsləhət görürəm. Həmçinin, bu, zoba da aiddir. Çünki insanda mövcud olan şişin ölçüsünü bilmək mütləqdir ”.

A.Qurşumovun sözlərinə görə, xalq təbabəti ilə məşğul olmaq istəyənlər də az deyil:

“Mənə bununla bağlı kifayət qədər insan yaxınlaşır. Bu sahəni öyrənmək istəyirlər. Lakin təəssüflər olsun ki, heç kimə öyrədə bilmirəm. Bu elmdir. Yəni nəyisə, üç-dörd günə öyrətmək mümkün deyil. 55 yaşım var, peşəni təmiz öyrənmək üçün 55 il də lazımdır. Bəziləri deyirlər ki, filan bitki bunun üçündür, içsəm xəstəliyim keçəcək. Amma bu, belə deyil. Xəstənin xüsusiyyətlərinə bələd olmaq önəmlidir. Kimə nəyi verdiyini bilməlisən. Bəzi bitkilər əks təsir edə bilər. Ona görə insanların bitkidən nə vaxt istifadə edə biləcəyini müəyyən etmək lazımdır. Digər tərəfdən bu sahə ilə həkim kimi məşğul olmaq üçün lisenziya lazımdır”.

Günay RƏSULQIZI
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed