Şrift:
Ərdəbildə təhlükəsizlik qüvvələrinin fəalların gecə vaxtı evinə girməsi davam edir
15.07.2017 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran təhlükəsizlik qüvvələrinin azərbaycanlı milli-mədəni fəalların ev və iş yerlərinə gecə vaxtı daxil olması bir neçə dəfədir təkrar olub.

Ərdəbildən aldığımız məlumata görə, Polis İdarəsinin bir qrup əməkdaşı məhkəmə hökmü ilə azərbaycanlı fəal Cəfər Rüstəmiradı yaxalamaq istəyib, onlar bu məqsədlə iyulun 13-ü günortadan öncə fəalın Rəcayi şəhərciyində yerləşən ata evinə gəliblər. Evə daxil olmaq üçün məhkəmə hökmü təqdim etməyən polis əməkdaşları evdə bütün otaqlara daxil olub və Cəfəri axtarıblar. Sonda fəal evdə olmadığı üçün, məmurlar evi tərk edib və Rüstəmirad ailəsinə bildiriblər ki, Cəfər ayın sonunda 7 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına müraciət etməlidir.

Həmin gün Rüstəmirad ailəsi toy mərasimi üçün Təbrizə səfər edib, bu fürsətdən istifadə edənlər gecə saatlarında divarı aşaraq həyətə daxil olub və şüşəni kəsdikdən sonra evə giriblər. Onlar evin hər yerini, hətta şəkil çərçivələrinə qədər axtarıb, evi alt-üst ediblər. Evdə bir çox bahalı əşya olduğu halda yalnız bir odekolon və iki ədəd hədiyyə sikkəsindən başqa heç nə oğurlanmayıb, o əşyaların da iz itirmək üçün götürüldüyü məlumdur.

Rüstəmirad ailəsi evə qayıtdıqdan sonra yaranan vəziyyətlə bağlı Polis İdarəsinə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları adi oğurluğa dəlalət edən heç bir əlamət müşahidə etməyiblər. Hadisənin şəxsi zəmində baş verdiyini vəya digər səbəblərə görə işlənilən bir suç kimi qiymətləndiriblər. Rüstəmirad ailəsi isə daha bir neçə səlahiyyətli orqana şikayət etməyə qərar verib.

Oxşar hadisə mayın 24-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin iş yerində baş vermişdir. Sözdə bir neçə nəfər oğru gecə saatlarında fəalın Şohəda xiyabanında yerləşən mağazasına qıfılı qıraraq daxil olub, hər yeri, o cümlədən Çənli-bel kitabxanasını alt-üst edərək axtarış aparıblar. Onlar sonda iz itirmək üçün özləri ilə az miqdarda xırda pul götürüblər.

Cəfər Rüstəmiradın tutulması haqda verilən məhkəmə hökmü, onun Təbrizin “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandalarının görüşü zamanı saxlanılması və bununla əlqədar 7 aylıq həbs cəzasının Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənməsidir.

Həmin futbol görüşü zamanı tutulan fəallar Cəfər Rüstəmirad, Əli Əhmədi, Siyamək Seyfi, Əli Sərraf, Əsgər İbadzadə, Əli Səadəti və Kəsra Davudi bu şəhərin İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən hər biri 7 ay həbs cəzasına məhkum edilib. Fəallardan 3-nün həbs cəzası Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib, Əli Sərraf və Əsgər İbadzadə isə irəli sürülən ittihamlardan bəraət qazanıb.

Azərbaycanlı fəalların hamısı sistemin əleyhinə təbliğdə günahlandırılıb.

Fəallar 2013-cü il fevralın 26-da Təbrizin “Traxtur” futbol komandasının Asiya Oyunları çərçivəsində keçirdiyi birinci görüşdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, bir müddət saxlandıqdan sonra vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Həmin tarixdə “Traxtur” “Əlcəzirə” komandası ilə üz-üzə gəlib, görüş zamanı Təbrizdə onlarla “Traxtur” tərəfdarı saxlanılıb.

C.Rüstəmirad Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed