Şrift:
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
17.07.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan Həbib Sasaniyan aclıq aksiyasının 32-ci günündə xəstəxanalıq olub.

Bir aydan çox aclıqdan sonra sağlamlıq vəziyyəti pisləşən fəal ötən cümə axşamı günü zindanın poliklinikasına aparılıb.

Məlumata görə, məsullar fəalın aclıq aksiyasını dayandırmasına çalışıblar, vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün ona sistem (serom) köçürmək istəyiblər. Lakin H.Sasaniyan aclıq aksiyasını davam etdirməyə israr edib.

Azərbaycanlı fəala telefon vasitəsi ilə etdiyi son müraciətindən sonra ona təzyiqlər artıb.

H.Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi və uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 12-dən aclıq aksiyası keçirir. Bu müddətdə rejimin rəsmi orqanları onun irəli sürdüyü tələblərə laqeydlik nümayiş etdirib, fəalın ailə üzvləri və yaxınları isə onun səhhətindən olduqca nigarandır.

H.Sasaniyan 2016-cı il mayın 15-də Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi adlı 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır.

Yuxarıda adlarını çəkdiyimiz fəallar “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin onlar irəli sürülən ittihamı qətiyyətlə rədd edir.

Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.

H.Sasaniyan iyunun 20-də vəkilinin prosesə qatılmadığı səbəbindən üçüncü dəfə olaraq Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatılmaqdan imtina edib, nəticədə proses iyulun 12-nə təxirə salınıb.

Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində adlarını çəkdiyimiz 5 fəalın məhkəmə iclası keçirilib. Çağırışa görə, Həbib Sasaniyan da məhkəməyə müraciət etməli idi, lakin o ETTELAAT İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina edib.

O aprelin 18-də də dosyesində bəzi sənədlərin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.

Azərbaycanlı fəal yüksək qan təzyiqi, göz ağrısı və böyrək xəstəliyindən əziyyət çəkir, onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

H.sasaniyanın 11 və 15 yaşlı iki övladı var. Fəalın həbsdə olması səbəbindən onun ailəsi çətin güzəran keçirir, maddi sıxıntı çəkir. Ailənin dolanışığının həddən artıq ağır olduğu barədə dəfələrlə məlumat yayılıb.

Adını çəkdiyimiz fəal, bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed