Şrift:
Atenanın qatili əhalinin gözü qarşısında edam olunacaq
17.07.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
7 yaşlı parsabadlı Atena Aslaninin qatili əhalinin gözü qarşısında edam olunacaq.

Bu barədə Ədliyyə Nazirliyinin Ərdəbil Əyaləti Şöbəsinin rəisi Məhəmmədəli Qasedi jurnalistlərə danışıb.

“Atena Aslaninin dosyesinə növbədənkənar baxılır. Məhkəmə edam cəzası çıxaracağı təqdirdə, hökm əhalinin gözü qarşısında icra olunacaq. Şübhəsiz ki, qatilə ən ağır cəza verilməlirdir, bu dosyedə isə ən ağır cəza edamdır. Məhkəmə bu işə xüsusi diqqət ayırıb. Ərdəbil Əyaləti Prokurorluğu isə tibbi ekspertizanın rəyi və istintaq prosesini nəzarətdə saxlayır.”- deyə o bildirib.

Bizim hədəfimiz ədalətin icra olunmasıdır deyən Ədliyyə Şöbəsinin rəisi əlavə edib ki, bu dosye ilə əlaqədar heç bir hərəkətə qətiliklə göz yumulmayacaq, qatil ən ağır şəkildə cəzalandırılacaq.

İyulun 15-də İran Məhkəmə Sisteminin rəisi Sadiq Laricani də Ədliyyə Nazirliyinin Ərdəbil Əyaləti Şöbəsinə göstəriş verərək Atenanın dosyesinə növbədənkənar və sürətlə baxılmasını istəyib.
İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb.

Atenanın atası uzun illərdir Parsabadın Pezeşkiyan xiyabanında səyyar satıcı işləyir. Atena atasının yanına gəldiyi zaman bəzi vaxtlar onun tanışı olan bir rəng mağazasına gedib, orada əllərini yuyub və su içərmiş. Azyaşlı qız iyunun 18-də atası bilmədən əllərini yumaq üçün həmin mağazaya gedib, lakin bu dəfə onu başqa taleh gözləyirdi.
Atenanın atası onun evə getdiyini, anası isə atasının yanında olduğunu zənn edirmiş, lakin axşam atası evə qayıdarkən Atenanın yoxa çıxdığı məlum olub. Bundan sonra azyaşlının ailəsi onun yoxa çıxması ilə bağlı polisə xəbər verib.

Polis müxtəlif vasitələr, əsasən də gizli kameralardan istifadə edərək Atenanın qonşu rəng mağazasına getdiyini müəyyən etdikdən sonra şübhəlinin izinə düşüb. Nəhayət ki, İsmail adlı 42 yaşlı kişi, azyaşlının yoxa çıxdığından 5 gün sonra şübhəli qismində saxlanılıb. İlk öncə törətdiyi cinayəti etiraf etməyən şübhəli, iyulun 10-da azyaşlının cəsədi onun avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılandan sonra etiraf etməyə başlayıb. O Atenadan başqa iki il öncə Məcidabad kəndində cəsədi tapılan bir qadını öldürdüyünü də etiraf edib.

Parsabad prokuroru Abdulla Təbatəbayi bildirib ki, cinayətkarın daha bir neçə qətldə əli ola bilər, hazırda mümkün cinayət işlərinin istintaqı aparılır.

Ərdəbil prokuroru Nasir Ətəbati isə qatilin bundan öncə də müxtəlif cinayət əməlləri ilə məşğul olduğunu deyib. O həmçinin bildirib ki, tibbi ekspertiza azyaşlının öldürülərkən cinsi zorakılığa məruz qaldığını müəyyənləşdirib.

Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.

Atenanın qatili əhalinin gözü qarşısında edam olunacaq

Atenanın qatili əhalinin gözü qarşısında edam olunacaq
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed