Şrift:
Şərqi Azərbaycan məktəblərində şagirdlərin qeydiyyata alınması üçün pul tələb olunur
18.07.2017 [12:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın dövlət məktəbləri yeni dərs ilində şagirdlərin qeydiyyata alınması üçün pul tələb edir.

Bu barədə Şərqi Azərbaycan Əyaləti Təhsil Şöbəsi rəisi Cəfər Paşayi “Anac” xəbər agentliyinə verdiyi müsahibədə danışıb.

“Şagirdlərin dövlət məktəblərində qeydiyyata alınması üçün 150 min tümən tələb olunur, bu çox adi haldır. Lakin bu vəziyyətdən istifadə edib, şagirdlərdən 500 min tümənə qədər pul alan məktəblər də var. Təhsil Şöbəsi belə hallara qarşı ciddi tədbir görəcək”- deyə o bildirib.

C.Paşayi şagirdlərdən alınan məbləğin səbəbini də açıqlayıb. “Məktəblərə büdcə vəsaiti ayrılmadığı üçün onlar şagird sığortası, təhsil siğortası, hətta bəzi məktəblər kitab pulunu təmin etmək məqsədi ilə şagirdlərdən 130-150 min tümən pul tələb edir”- deyə Təhsil Şöbəsinin rəisi qeyd edib.

İran Konstitusiyasının 30-cu maddəsində “dövlət bütün əhalinin orta məktəb səviyyəsində təhsil alması üçün pulsuz şərait yaratmalı, hətta ölkə özünü təmin həddinə çatanadək insanların ali təhsil alması üçün də pulsuz şərait yaradılmalıdır”- deyə qeyd olunub.

Buna baxmayaraq Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində təhsil ocaqları binası bərbad vəziyyətdədir, şagirdlər onların həyatı üçün təhlükə törədən köhnə binalarda təhsil alır. Bu barədə yerli məsullar dəfələrlə həyəcan təbili çalıblar.

Bu gün Güney Azərbaycanda çox sayda uşaq ailəsinin maddi imkanı olmadığından təhsil nemətindən məhrumdur.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed