Şrift:
Dəniz quldurları Azərbaycan nefti ilə yüklənmiş gəmini ələ keçiriblər
12.05.2012 [14:47] - Xəbərlər
Ərəbistan dənizinin sularında dəniz quldurları İndoneziyaya 945 min barel (135 min ton) Azərbaycan xam nefti aparan «Smyrni» gəmisini ələ keçiriblər.
Bu barədə «Jakarta Post» qəzeti xəbər verir.
Yunan şirkətinə məxsus olan «Smyrni» gəmisi Liberiya bayrağı altında Türkiyədən çıxaraq Somali suları istiqamətində hərəkət edirdi. Gəmi ilə əlaqə mayın 10-da kəsilib və indiyə qədər quldurlar heç bir tələb səsləndirməyiblər. Gəmidə olan neftin bazar qiyməti 130 mln. dollardan artıqdır. Neft İndoneziyanın «Pertamina» dövlət neft-qaz şirkəti tərəfindən Şərqi Kalimantanda yerləşən neft emalı zavodları üçün alınıb. Şirkətin vitse-prezidentinin sözlərinə görə, şirkət hər hansı itkilərə məruz qalmayıb, çünki gəmi şirkətə məxsus deyil, neftin dəyəri isə onun çatdırılmasından sonra ödənilməlidir.
Bununla yanaşı qeyd edilir ki, Azərbaycan son illərdə İndoneziyaya ən iri neft ixracatçısı olub. Belə ki, 2011-ci ildə İndoneziya Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) 1,76 mlrd. dollar dəyərində xam neft alıb.
Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə bildirilib ki, neft Ceyhan limanında (Aralıq dənizi, Türkiyə) alıcıya satılıb və beləliklə Azərbaycan tərəfi öz öhdəliklərini tam yerinə yetirib. Hazırda ARDNŞ-in mütəxəssisləri vəziyyətin gələcək inkişafını izləyirlər.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed