Şrift:
“Çaldıran iqtisadi baxımdan ölkənin ikinci zəif şəhəridir”
22.07.2017 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətində yerləşən Çaldıran şəhəri iqtisadi baxımdan ölkənin ikinci zəif şəhəridir.

Bu barədə Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı Kərim Hüseynzadə Urmiyədə bölgənin iqtisadi durumu ilə bağlı keçirilən iclasda danışıb.

“Çaldıran əhalisi, iqtisadi baxımdan ölkənin ikinci zəif şəhərinin sakinləri kimi bir çox problemlərlə üz-üzədir. Biz bu şəhərin inkişafı üçün çox ciddi mübarizə aparırıq. Ona görə də məsullar səs tonumuzun yüksək olmasını bizim kobud rəftarımızla əlaqələndirməsinlər. Bu, sadəcə Çaldıranda olan çoxlu problemlərlə əlaqədardır. Düşünürəm ki, artıq şəhərin iqtisadi durumuna xüsusi diqqət ayırmaq və inkişaf göstəricilərini yaxşılaşdırmağın vaxtı çatıb”- deyə o bildirib.

İcra Hakimiyyəti başçısı təmsil etdiyi şəhərin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan məsullarına xitabən deyib:

“Biz şəhəri bu ağır şəraitdən qurtarmaq üçün Qərbi Azərbaycan Əyalətinin məsullarından yardım gözləyirik. Bu, bir çox problem, o cümlədən gənclərin işsizlik və əhalinin sayının azalması problemini aradan qaldırmaq üçün çox vacib məsələdir. Çaldıranda bir çox problem var ki, onlar qısa müddətdə həll olunmalıdır, bunun üçün həm Qərbi Azərbaycan məsulları, həm də dövlətin müxtəlif orqanları tədbir görməlidir. Qərbi Azərbaycan valisinin özü də Çaldıranın iqtisadi problemləri və potensialı ilə tanışdır. Ona görə də bu məsələ hər kəsə aydındır, sadəcə problemi həll etmək lazındır”- deyə Kərim Hüseynzadə vurğulayıb.

Çaldıran Qərbi Azərbaycan Əyalətinin Makı məntəqəsində Türkiyə ilə sərhəddə yerləşir. Bu tarixi şəhərin acınacaqlı iqtisadi durumu onun əhalisinin öz doğma yurdundan köçməsinə və bölgənin əhalidən boşalmasına səbəb olur. Çaldıran şəhəri digər Azərbaycan şəhərləri ilə yanaşı bir çox iqtisadi və ictimai problemlərlə üz-üzədir.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed