Şrift:
Urmiyədə 11 bəhainin iş yeri möhürlənib
24.07.2017 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərində İran təhlükəsizlik qüvvələri (Əmakin idarəsi) tərəfindən bəhai təriqətinə mənsub olan azı 11 nəfərin iş yeri möhürlənib.

Təhlükəsizlik qüvvələri iyulun 19-dan bəhailərin iş yerinə müraciət edərək onların mağazalarını bağlamağa başlayıb.

Məlumata görə, iyulun 9-da bəhailərə məxsus dini mərasim keçirilib, həmin mərasimə görə açılmayan iş yerləri hökumət qüvvələri tərəfindən möhürlənib.

“Herana” agentliyi iş yerləri bağlanan bir neçə nəfərin adlarını açıqlayıb:
Ümid Lütfi, İrfan Səməndəri, Arman Novruzi, İlham Əbdi, Əli Lətifi, Nasir Pənahi, Rita Lətifi, Sasan Kərimi, Bünyan Məqsuqi, Qurban Nəcəfzadə və Süleymani.

Başqa bir xəbərə görə, Xuzistan əyalətində yerləşən Xürrəmşəhrdə bəhai təriqətinə mənsub 9 nəfər Əmakin İdarəsinə çağırılıb, onların bəziləri telefon danışığı zamanı iş yerlərinin bağlanılması ilə təhdid edilib.

İdarəyə çağırılan bəhailərdən dini mərasimləri günü işə çıxmadıqları üçün izahat istənilib. Onlara xəbərdarlıq edilib ki, dini mərasimə görə bir daha işə çıxmasalar, onların iş yerləri təhlükəsizlik qüvvələri tərəfindən dərhal möhürlənəcək.

Qeyd edək ki, İran qanunlarına görə istənilən iş yeri heç bir dəlil göstərilmədən ildə 15 günədək bağlanıla bilər. Lakin rejimin müxtəlif təzyiqləri altında olan bəhailər hökumətin bu qanunundan da yararlana bilmir.

İranda həm dini və həm də milli azlıqlara qarşı ayrı-seçkilik siyasəti tətbiq edilir. Bu zəmində ölkə daxilində geniş mübarizə gedir, bununla yanaşı beynəlxalq təşkilatlar və insan haqları qurumları da dəfələrlə rəsmi Tehrana xəbərdarlıq ediblər. Buna baxmayaraq rejim bu günə qədər öz siyasətini davam etdirməkdədir.

N.S
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed