Şrift:
Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
25.07.2017 [10:17] - Gündəm
Tbilisidə M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində iki kitabın təqdimatı keçirilib.

Təqdim olunan kitablar Azərbaycanın Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində nəşr olunmuş “Azərbaycan xalqının tarixi bioqrafiyası” və jurnalist, şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitablarıdır.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.

Mərasimdə çıxış edən Nizami Cəfərov deyib ki, “Azərbaycan xalqının tarixi bioqrafiyası” bu vaxta qədər rus, ingilis və ərəb dillərinə tərcümə olunub. “Kitabın həcminin kiçik olmasına baxmayaraq, bu, ən ağır yazdığım kitabdır. Kitabda Azərbaycan xalqının etnosunun yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolunun qısa tarixçəsi yer alıb”, - deyə o qeyd edib.

D. Osmanlı isə çıxışında deyib ki, “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə işıq üzü görüb. Onun sözlərinə görə, kitabda Azərbaycan-Gürcüstan münasibətlərinə aid azərbaycanlı və gürcü müəlliflərin müxtəlif yazıları, məqalələri toplanıb.

Deputat M. Dərziyev isə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf səviyyəsinə toxunub. “İki ölkə arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinə ehtiyac var. Təəssüf ki, Azərbaycan xalqının zəngin mədəni irsi Gürcüstan cəmiyyətində lazımı səviyyədə təbliğ olunmur”.

Azərbaycan Yazıçılar Birliyinin müşaviri, yazıçı Elçin Hüseynbəyli “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu cür tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafı və daha da möhkəmləndirilməsinə kömək edir.

Yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabının gürcü dilində nəşr olunmasını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu kitab gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə ola biləcək.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed