Şrift:
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
02.08.2017 [10:19] - Siyasət
İyulun 24-30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

“Sizin sərəncamlarınız əsasında 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu, aydın şəkildə bir daha göstərir ki, Azərbaycanda müxtəlif irqi, etnik, dini və mədəni mənsubiyyətə malik insanlar arasında ayrı-seçkiliyə yer yoxdur. Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə birlikdə qatıldığımız tədbirlər və gəzdiyimiz müxtəlif yerlər Azərbaycan haqqında multikulturalizm və tolerantlıq məkanı kimi eşitdiklərimizin sübutu oldu. Biz, 26 ölkənin vətəndaşları bu yay məktəbinə multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasəti haqqında öz fikir və təəssüratlarımızı paylaşmaq üçün qoşulduq”, - deyə müraciətdə qeyd edilib.

Yay məktəbinin iştirakçıları Azərbaycan, onun zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları yaymaq sahəsində fəaliyyətlərini davam etdirmək ruhunda və əzmində olduqlarını bildiriblər.

Xatırladaq ki, Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

V Beynəlxalq multikulturalizm yay məktəbində Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Mərakeş, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, İtaliya, Liviya, Braziliya, Çin kimi ölkələrin aparıcı universitetlərindən 60 tələbə iştirak edib.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed