Şrift:
Ayaz Mütəllibovun 26 il öncə verdiyi tarixi bəyanat - Ermənistan həyasızlıqla terrorçuluq əməllərini davam etdirir
02.08.2017 [10:30] - Xəbərlər, DAVAMın yazıları
Bu dəfə təqdim edəcəyimiz materiala heç bir şərh vermədən oxucularımızın diqqətinə yetiririk. Növbəti materialımız Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibovun 1991-ci il aprelin 27-də Dağlıq Qarabağ və Ermənistan hökumətinin qanunsuz əməlləri ilə bağlı verdiyi bəyanatdır. Enter.News “Odlar Yurdu” qəzetinin 1991-ci il may nömrəsində (№9) yayımlanan həmin bəyanatı təqdim edir:

"Dördüncü ildir ki, Dağlıq Qarabağda günahsız adamların qanı tökülür, qarətlər, partlayışlar, adamların öldürülməsi ara vermir.

Dördüncü ildir ki, Ermənistanın millətçi qüvvələri millətlərarası münaqişəni başlayan və onu inadla qızışdıran bu qüvvələr adamlara kədər, göz yaşı və mərhumiyyətlər gətirirlər. Bu münaqişənin əsasında isə Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddiaları durur.

Ev-eşiyini, dolanacaq vasitələrini itirmiş yüz minlərlə qaçqın hədsiz mərhumiyyətlərə məruz qalır, dərin iqtisadi böhrana düşmüş dövlətdən kömək gözləyir.

Ermənistan rəhbərliyi demokratiya və humanizm tərəfdarı olduğunu riyakarlıqla bəyan edərək istər SSRİ daxilindəki, istərsə də beynəlxalq praktikaya uyğun olan dövlətlərarası münasibətlərin ən adi normalarının və qaydalarının cəzasız olaraq tapdalanmasına fitva verir.

SSRİ Ali Sovetinin qərarına baxmayaraq, Ermənistan Ali Soveti Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirmək haqqında Konstitusiyaya zidd qərarlarını indiyədək ləğv etməmişdir.

SSRİ-nin və Azərbaycan Respublikasının Konstitutsiyaları pozularaq 1990-cı ildə DQMV-dən Ermənistan Ali Sovetinə deputatlar seçilmişdir. Azərbaycanın daxili işlərinə qarışmağa son qoymaq barədə dəfələrlə edilən müraciətlərə əhəmiyyət verməyərək, Ermənistan 3 ildən artıqdır ki, hədsiz bir həyasızlıqla respublikamızın ərazisində hərbi təcavüz dərəcəsinə çatan geniş miqyaslı terrorçuluq əməllərini davam etdirir.

DQMV-yə və Azərbaycanda ermənilərin yığcam yaşadıqları rayonlara müasir silah, hərbi sursat, radioötürücülər gətirilir. Bu məqsədlə dağ cığırlarından, avtomobil nəqliyyatından, Azərbaycanın hava sərhədlərini cəzasız olaraq pozan vertolyotlardan istifadə edilir.

Azərbaycanda yaşayan erməniləri silahlı müdafiə haqqında Ermənistan hökumətinin qərarı təcavüzkarlıq niyyətlərini bir daha sübut edir. Ermənistan rəhbərliyi guya Azərbaycan tərəfindən mövcud olan hücum təhlükəsi haqqında yanlış ictimai rəy yaratmaqla, erməni xalqında nifət hissini gücləndirməklə öz hakimiyyətini qoruyub saxlamaq və şəxsi ambisiyalarını həyata keçirmək üçün öz silahlı qüvvələrini yaratmışdır.

Eyni zamanda hər iki respublikanın ərazisində sərhədboyu 5 kilometrlik fövqəladə vəziyyət zonası yaratmaq haqqında Azərbaycan Ali Sovetinin hələ ötən ilin ortalarında verdiyi təklifə Ermənistan bu günədək öz münasibətini bildirməmişdir. Azərbaycan Respublikası öz ərazisini quldur dəstələrinin daim hücumlarından qorumaq lüzumunu əsas tutaraq SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının köməyi ilə bu qərarı birtərəfli qaydada yerinə yetirmişdir. İndi aydın olur ki, kim kimdən müdafiə olunur. Bu da məlumdur ki, Ermənistanın öz ərazisində kimdənsə qorxmağa əsası yoxdur, çünki ardıcıl həyata keçirilən köçürmə siyasəti nəticəsində Ermənistanda əslində bir nəfər də olsa azərbaycanlı qalmamışdır.

Bununla bərabər, Ermənistanın rəhbərliyi ermənilərin Azərbaycandan sıxışdırılıb çıxarılması haqqında riyakarcasına bəyanatlar verməyə son qoymur. Belə mülahizələrin əsassız və yalan olduğu aydındır. Bu da aydındır ki, DQMV-də olan ekstremist, millətçi qüvvələrin hərəkətləri muxtar vilayətdə vəziyyətin normallaşdırılmasına, orada hakimiyyət orqanlarının bərpa edilməsinə mane olur, indi də Azərbaycanda yaşayan on minlərlə ermənini çıxılmaz vəziyyətdə qoyur. Azərbaycanlılarla təkcə adi ünsiyyətə görə öz doğma qardaşlarını öldürən erməni millətçilərinin hərəkətlərindən hiddətlənməmək mümkün deyildir.

Azərbaycan xaqlının səbri tükənmişdir.

Biz tələb edirik ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə dərhal son qoyulsun. Üzdəniraq “Dağlıq Qarabağ problemi” muxtar vilayətin özündə, Azərbaycanda həll ediləcəkdir. Bu torpaqda yaşayan hər bir erməni özü qərara gəlməlidir: o ya SSRİ-nin və Azərbaycan Respublikasının Konstitusiyalarına, mehriban qonşuluq ənənələrinə uyğun olaraq sülh və əmin-amanlıq şəraitində yaşayacaq, ya da respublikamızdan kənarda özünə sığınacaq axtarmalı olacaq.

Biz tələb edirik ki, respublikanın ərazisi üzərində vertolyotların uçuşlarına, Azərbaycanın həmsərhəd kəndlərinə basqınlara dərhal son qoyulsun.

Biz SSRİ Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyindən tələb edirik ki, silahlı quldur dəstələrinin buraxılması və tərkisilah edilməsi haqqında ölkə Prezidentinin Fərmanını DQMV-də yerinə yetirsinlər, “Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında” qanundan irəli gələn tədbirləri tam həyata keçirsinlər.

Biz tələb edirik ki, Azərbaycanın ərazisində pozucu separatçılıq fəaliyyəti göstərənlər Azərbaycanı könüllü tərk etsinlər. Milli ədavəti qızışdıranlar qanun qarşısında cavab verəcək və hökmən cəza alacaqlar.

Biz tələb edirik ki, Naxçıvan Muxtar Respublikasının Kərki kəndi dərhal azad olunsun. Dəmir yolunun Ermənistan ərazisindən keçən Mehri sahəsində maşinistlərə hücumlara son qoyulsun.

Biz respublikanın suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək səlahiyyətlərini SSRİ hökumətinə, SSRİ Daxili İşlər Nazirliyinə, Dövlət Təhlüksəziliyi Komitəsinə etibar etmişik və əminik ki, onlar Azərbaycan xalqı qarşısında öz Konstitusiya borclarını yerinə yetirəcəklər. Bununla birlikdə, biz öz sərhədlərimizi müdafiə etmək, Ermənistan terrorçularının və silahlı quldur dəstələrinin cinayətkar əməllərinin qarşısını həm də öz qüvvələrimizlə almaq əzmindəyik.

Əgər bizim tələblərimiz yerinə yetirilməsə, dövlət təhlükəsizliyi mənafelərini rəhbər tutaraq Ermənistana qarşı iqtisadi və başqa sanksiyalar tətbiq etməkdən, tələblərimizi həyata keçirməkdən başqa yolumuz qalmayacaqdır.

Azərbaycan xalqının iradəsi belədir.

Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov

27 aprel 1991-ci il.

Bakı şəhəri".

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed