Şrift:
Vidadi Muradov: Bütün rayonlarda xalçaçılıqla məşğul olmaq istəyənlərin sayı yetərincədir
04.08.2017 [10:26] - Mədəniyyət
Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüb.

Görüşdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub: "Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında da olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub.

O bildirib ki, cəbrayıllılar bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar: "Bu, onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin və eyni zamanda marağının göstəricisidir. Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikanın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir".

V.Muradov bildirib ki, Cocuq Mərcanlı sakinlərinin arasında da toxucuların olması sevindirici haldır: "Bu görüşümüz zamanı həmin toxucuların Cəmiyyətin Füzuli filialında işlə təminatı məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək. Biz əminik ki, yaxın gələcəkdə işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq və “Azərxalça” bu rayonlarda da öz yerli filiallarını yaradacaq. Azərbaycan bayrağı dalğalanan hər yerdə Azərbaycan xalçası toxunacaq. Azərbaycan ordusu irəlilədikcə, biz səngərlərə ən yaxın ərazilərdə yeni-yeni xalça emalatxanaları yaradacağıq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed