Şrift:
İlham Əliyev: Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik
05.08.2017 [09:48] - Xəbərlər, İqtisadiyyat
Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, düzdür, fındıqçılıq lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb: “Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülübdür. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Əlbəttə, bu da son hədəf deyil. Mən bir qədər sonra deyəcəyəm bizim planlarımız nədən ibarətdir. 14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma, bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq. Sadəcə olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik və fermerlərə kömək göstərməliyik.

Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq.

Qiymətlərlə bağlı. Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olmuşdur. Ancaq onu da deyim ki, məncə, fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək. Çünki Azərbaycanda indi çoxlu istixanalar salınır və pomidor istehsalı sürətlə artır. Gəlir gətirən ixrac kənd təsərrüfatı məhsulları arasında pomidor indi birinci yerdədir. Ona görə, fındıqçılar gərək çalışsınlar ki, liderliyi əldən verməsinlər”.

Prezident vurğulayıb ki, keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib: “Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin”.

İlham Əliyev bildirib ki, fındığın əsas alıcıları böyük şokolad fabrikləridir: “Biz də fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa müqavilələr bağlansın. Yəni, burada vasitəçilər az rol oynasınlar. Çalışmalıyıq ki, fındığın çeşidi də artsın. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.

İndi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik”.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed