Şrift:
Leninin SSRİ dövründə gizlədilən məktubu - O, məktubu Dzerjinskiyə yazıbmış
08.08.2017 [10:11] - Xəbərlər, DAVAMın yazıları
Qarşımıza bəzən elə sənədlər çıxır ki, onun üzərindən sükutla keçmək olmur. Araşdırdığımız məktublarda müxtəlif məzmunlu yazışmalara rast gəlirik. Bunların içərisində çağ dəyişən, bir dövrü sona çatdırıb, yeni bir dövr başladan, devrilərək çarəsiz qalan liderin yoldaşlarına ünvanladığı və s. məzmunlu məktublar var.

Belə məktublardan biri də Vladimir İliç Leninin 1921-ci il dekabrın 20-də Feliks Edmundoviç Dzerjinskiyə yazıb. Məktubunda zorla Stalin tərəfindən siyasətdən və idarəetmədən uzaqlaşdırıldığını deyən Lenin, bu durumdan qurtarmaq üçün ondan yardım istəyir. Hətta Stalinin onun xanımına qarşı təhqiramiz ifadələr işlətdiyini də xüsusi vurğulayır. Yeri gəlmişkən, Stalinin Leninin xanımına qarşı işlətdiyi təhqiramiz ifadələr və Leninin Stalinə məktubu barədə “Stalinlə Leninin xanımı Krupskaya arasında olan məşhur danışıq - Leninin ölümünü tezləşdirən “telefon müharibəsi” başlıqlı YAZIda bu barədə ətraflı məlumat verilmişdi.

Beləliklə, EnterNews İlham Tumasın araşdırmalarından əldə etdiyimiz Leninin Djerzinskiyə yazdığı məktubu təqdim edir:

“Əziz Feliks! Mənə elə gəlir ki, başıma gələnlərin hamısı Stalinin və onun yanında olanların işidir. Bu, dəhşətlidir. Məni faktiki olaraq partiyadan və cəmiyyətdən təcrid ediblər. Dünən mühafizəni ikiqat artırıblar. İndi haradasa onların sayı 100-ə yaxındır. Hətta mənim üçün cığır da ayırıblar ki, yalnız orada gəzməliyəm. Başqa yola çıxmağa qətiyyən ixtiyarım yoxdur. Necədir sənin üçün? Məgər bu, normal münasibətdirmi ki, “VÇK”dan kiminsə əmriylə mənə qarşı xüsusi təlimatlar tətbiq olunur? Bu təlimata əsasən, mənimlə danışa, məndən poçt qəbul edə, mənə heç nə deyə bilməzlər və sair və ilaxır. Bunu necə başa düşək? Mən son vaxtlar dəfələrlə Sizinlə, yoldaş Kalininlə, Bonç-Druyeviçlə, Kamenevlə, hələ sadəcə olaraq görmək arzusunda olduğum adamlarla görüşmək istədiyimi bildirmişəm. Ancaq düz 3 aydır ki, mənim yanıma heç kimi buraxmırlar. Tam təcrid olunmuşam. Telefonu bağlayıblar. Stansiyadan olan xanım deyir ki, Moskva ilə əlaqə yoxdur. Bu nə hoqqabazlıqdır, Allahım. Mən artıq özümü yaxşı hiss eləməyə başlamışam. Ancaq mənə elə gəlir ki, məni ya zəhərləyəcəklər, ya da öldürəcəklər. Mühafizə öldürəcək, həkimlər zəhərləyəcək. Mən nə edim? Qaçım? Mümkün deyil. Hər addımı izləyirlər. Deyirlər ki, bunları xoş niyyətdən edirlər. İnanmıram, Mən başa düşürəm ki, hər şey tezliklə qurtaracaq. İnanmazsan, həkimlər mənimlə dəli adamla, ya da başdanxarab uşaqla danışan kimi danışırlar.

Bu, qiyamdır, Feliks. Bu, bir qrupun partiya üzərində hökmranlığına və daha çox qan tökülməsinə gətirib çıxaracaq.

Mən başa düşmürəm, indi hökumətdə hər hansı çəkiyə malikəmmi, mənim Kremldəki kabinetim necə olub? Nəyə görə, rabitədən məhrum edilmişəm? Heç vaxt başa düşmürəm. Mən dövlətdə birinci şəxsəm və heç kəs də məni öz səlahiyyətlərimi icra etməkdən kənarlaşdırmayıb. Hər hansı ölçü götürmək olarmı??? Məsələn, məni Moskvadakı xəstəxanaya köçürmək. Mən artıq bu meşədə yaşaya bilmirəm. Yavaş-yavaş dəli oluram. Hiss edirəm ki, mənimlə nəsə eləməyə hazırlaşırlar. Mənə heç kəs inanmır, hamı təlimatla danışır. Kim ki, mənimlə ümumi dil tapır, onu yığışdırırlar, get-gedə burada gözəl insanları görmürəm. Şişkin, Lazarev, Apaev kimi adamlar hara yox oldular? Onlar haradadırlar? Sağdırlarmı? (Yoxlama aparmaq lazımdır, əgər onları həqiqətən, aradan götürüblərsə, bu, Stalini və digərlərini məsuliyyətə cəlb etmək üçün əsas ola bilər).

Siyasi Büronun çağrılması lazımdır. Mən artıq açıq məktubla Siyasi Büroya müraciət etmişəm, ancaq Stalin gizlədib. O, gör, Nadenkanı (arvadı Nadejda Krapuskayanı nəzərdə tutur – red.) necə adlandırıb. Degeneratka və fahişə! (Sonuncu sözlərin altından Lenin xətt çəkib – G.Nazarov).

Necədir Sizin üçün? Ən başlıcası isə mənim üzr istəmək tələblərimdən sonra bizim münasibətlərimiz daha dözülməz olub: mən artıq onun şəxsi düşməninə çevrilmişəm. Axı, onda Qafqaz tempreamenti var.

Feliks, Nadenka söyləyir, Stalin deyirmiş ki, artıq Kremildəki bütün uşaqbazlığın sonudur. Əlbəttə, bu daha kobud və təhqiredici tonda deyilib, ancaq mən belə nəticə çıxarmışam ki, bu, birbaşa mənə və mənim dostlarıma aiddir. (Stalin bu abzasın kənarından qırmızı karandaşla yazıb: “İliç əməlli-başlı kövrəlib...”(G.Nazarov). Çatan məlumata görə, məndən icazəsiz artıq təyinatlar da olur. Hər yerə vəzifəyə o qoyur, Mərkəzi Komitə də bəyənir. MK-da nələr baş verir? Mən qəzetləri oxuyuram, sanki hər şey qaydasındadır. Deməli, mətbuat da onun əlindədir. Bu, artıq sondur. Lənətə gəlsin o günü ki, mən “Qorki”də müalicə olunmağıma razılıq verdim...

Çox xahiş edirəm, məni Moskvaya gətirmək üçün ölçü götürün. Mən paytaxta gəlmək istəyirəm. Mən çoxdandır ki, fəhlə kollektivi ilə ünsiyyətdə olmamışam. Mən artıq həyatdan geri qalmağa başlayıram. Hərarətlə bağrıma basıram. Sənin Ulyanovun (Lenin)”

P.S. İliçin 20 dekabr 1921-ci il tarixli məktubunu alan Feliks Edmundoviç onu lazım olan yerə, yəni yoldaş Stalinə çatdırır. Yoldaş Stalin artıq məktubda qeyd etdiyimiz istehzalı şərhlərlə “dahi rəhbər”in məktubuna “reaksiya verir”. Və təbii ki, İliçin bəzi xahişləri “yerinə yetirilir”. Yəni, xəstəxanın xidmətçi və tibb heyəti dəyişdirilir, yeni heyətə rəhbəri duyuq salmamaq üçün daha ehtiyatlı davranmaq tapşırılır. Bu, tarixə faciəvi hadisələrin baiskarı kimi düşən Leninin özünün tarixi faciəsi idi...

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed