Şrift:
Nadir Qazipur: Urmu gölünü qurtarmaq üçün ən yaxşı iş Canlandırma Mərkəzini ləğv etməkdir
09.08.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünün son vəziyyəti ilə bağlı danışarkən Urmu Gölünü Canlandırma Mərkəzini bölgəyə davamlı olaraq ziyan vurmaqda ittiham edib.

İran mətbuatında yayılan məlumata əsasən, azərbaycanlı millət vəkili Urmu gölündə vəziyyətin daha da pisləşdiyini və bölgədə kənd təsərrüfatının məhv olmaq üzrə olduğunu açıqlayıb.

“Mənim fikrimcə, Urmu gölünü qurtarmaq üçün ən yaxşı iş Urmu Gölünü Canlandırma Mərkəzini ləğv etmək və Qərbi Azərbaycan Əyalətinin işlərini vali və Əyalətin Məntəqə Su İdarəsinin rəhbərliyinə tapşırmaqdır.

Canlandırma Mərkəzinin təşkil olduğu illə müqayisədə, Urmu gölündə su tarazlığı səviyyəsi 17 santimetr aşağı düşüb. Baxmayaraq ki, bəziləri göldə vəziyyətin yaxşılaşdığını iddia edir, lakin gölün gündən-günə quruduğu göz qabağındadır”- deyə o bildirib.

N.Qazipur sözlərinin davamında deyib: “Urmu Gölünü Canlandırma Mərkəzi gölü bərpa etmək üçün ətraf kəndlərdə 3 min su quyusunu ləğv etdirdi. Bunun nəticəsində işsizlər ordusuna daha 1 milyon nəfər əlavə oldu. Bölgədə suya bağlı olan heyvandarlıq və kənd təsərrüfatı təxminən sıradan çıxarıldı. Bütün bunlardan sonra Urmu gölündə də vəziyyət yaxşılaşmadı.”

Azərbaycanlı millət vəkili Urmu Gölünü Canlandırma Mərkəzinin yalnış fəaliyyəti ucbatından yatımçıların Qərbi Azərbaycandan uzaqlaşdığını bildirib. “Sənaye işləri birbaşa su ilə əlaqəlidir. Sənaye müəssisələrinə sudan istifadə icazəsi verilmədiyi üçün, yatırımçılar Qərbi Azərbaycanda sərmayə yatırmır. Bu məsələ əyalətin sənaye sahəsinə ağır ziyan vurur”- deyə o vurğulayıb.

Millət vəkili bölgə əhalisinin işsizlik problem ilə bağlı heç bir tədbir alınmadığını da diqqətə çatdırıb. O bildirib ki, “Qərbi Azərbaycan iqtisadiyyatı kənd təsərrüfatı və heyvandarlıqdan asılıdır. Bu iki işi əhalinin əlindən almaq istəyənlər, onlar üçün yeni iş barəsində hansısa tədbir görüblərmi?! Bu sual hər kəsi düşündürür.”

N.Qazipur ötən çıxışlarında da Urmu gölündə vəziyyətin daha da pisləşdiyini deyərək bu barədə dəfələrlə həyəcan təbili çalıb və Urmu Gölünü Canlandırma Mərkəzini, ayrılan büdcə vəsaitini gölün bərpası üçün deyil, dəqiq məlum olmayan yerlərdə xərcləməkdə gühanlandırıb.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed