Şrift:
Azərbaycanlı millət vəkili: Türk Bölgələri Fraksiyası bu günədək bir dəfə də olsa iclas keçirməyib
09.08.2017 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Miyana şəhərinin millət vəkili Yaqub Şeyvyari İran parlamentindəki Türk Bölgələri Fraksiyasının passiv fəaliyyətini tənqid edib.

Yerli mətbuatın yaydığı məlumata görə, o parlamentdə türk millət vəkilləri arasında yetəri qədər birlik olmadığını deyib.
“Türk Bölgələri Fraksiyası təşkil olunduğu kimi də qalıb, hətta bir dəfə də olsa iclas keçirməyib. Parlamentdə təxminən 110 türk deputat var. Bu, deputatların 30 faizdən çoxunun türk olduğunu göstərir. Lakin onların arasında gözlənilən birlik yoxdur. Ona görə də Türk Bölgələri Fraksiyasının idarə heyətində olan deputatlara qarşı gileyimi elan etməliyəm.
Əgər 110 millət vəkilinin arasında birlik olsaydı, o zaman Nazirlər Kabineti üçün təklif olunan şəxslərə, istəmədiyimiz təqdirdə səs verməzdik və parlamentdə öz hədəflərimiz uğrunda addımlar ata bilərdik”- deyə o vurğulayıb.

Gələcək Nazirlər Kabineti üçün siyahının parlamentə təqdim olunmasından bir gün öncə açıqlama verən millət vəkili əlavə edib ki, “biz türk nazirlərin seçilməsini istəyirik. Bu günədək seçilən türk nazirlərin əksəriyyəti öz bölgələrinə yetəri qədər xidmət göstərməsələr də, biz yenə də prezident Həsən Ruhanidən nazirlər kabinetində türklərdən istifadə etməsini istəyirik. Düşünürəm ki, yeni Nazirlər Kabineti üçün, Tehrandan da olmuş olsa türk əsilli nazirlər təklif olunacaq. Biz hər zaman bunun üçün çalışmışıq, Ümid edirəm ki, hər bir türk deputat bu barədə üzərinə düşən məsuliyyəti yerinə yetirəcək.”

Bundan öncə bir neçə azərbaycanlı deputat, o cümlədən Urmiyənin millət vəkilləri Nadir Qazipur və Ruhulla Həzrətpur yeni Nazirlər Kabinetin də daha çox türk nazirlərin yer almasını tələb etmişdir.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed