Şrift:
Güney azərbaycanlı millət vəkilləri parlamentə təqdim olunan yeni hökumət üzvlərinin siyahısına etiraz ediblər
12.08.2017 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını avqustun 8-də parlamentə təqdim etdikdən sonra ölkə prezidentinə qarşı etirazlar başlayıb. Buna səbəb adları açıqlanan 17 namizəddən 3-ü istisna olmaqla digər namizədlərin fars bölgələrindən seçilməsidir.

Son məlumata görə, Urmiyə, Təbriz və Tehranın millət vəkilləri Nadir Qazipur, Məhəmməd Hüseyn Fərhəngi və Əlirza Məhcub, Nazirlər Kabinetində türk namizədlərin yer almamasına öz etirazlarını bildiriblər. İzə və Bağməlek şəhərlərinin millət vəkili Hidayət Xadimi də irqçiliyi göstərən siyahıya kəskin etiraz edib.

Bu barədə öz Telegram kanalında məlumat yayan Nadir Qazipur türklərin yeni kabinetdə yer almadığının nəticələri ilə bağlı prezident Ruhaniyə xəbərdarlıq edərək yeni kabinetə namizədlərin siyahısı ilə əlaqədar öz etirazını yazılı şəkildə bəyan edib.

Urmiyənin millət vəkili siyahı parlamentə təqdim edildikdən öncə yeni kabinetdə daha çox türk nazirlərinin yer almasını təkidlə tələb etmişdir.
“Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər bacarıqlı, mütəxxəssis və məsuliyyətli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”- deyə N.Qazipur vurğulamışdır.

İzə və Bağməlekin millət vəkili Hidayət Xadimi də seçkiqabağı Həsən Ruhaninin Xuzistanda verdiyi vədləri xatırladaraq bildirib ki, “Xuzistan əhalisi, seçkilər zamanı su, işıq, toz fırtınaları və Şadqan və “Hur-ol Əzim” gölməçələrinin quruması kimi problemlərlə üz-üzə idi. Lakin əhali “Xuzistanda hava olmasa da, biz sizinləyik” şüarı səsləndirdilər. Ona görə də yeni kabinetdə bu məntəqənin mütəxəssislərindən istifadə olunacağı gözlənilirdi. Hər halda 5 milyonluq Xuzistanda da 30 yaşlı bir gənc tapmaq olardı! Professor Qubadiyanın kabinetdə yer alacağı isə xüsusi olaraq gözlənilirdi.”

Həsən Ruhani nazir postlarına o halda fars millətinin nümayəndələrindən istifadə edib ki, İranın əksəriyyəti qeyri-fars millətlər, xüsusi ilə də Azərbaycan türklərindən ibarətdir. Şübhəsiz ki, parlamentə təqdim olunan siyahı İranda irqçiliyin bütün orqanlara, hətta prezident postuna belə nüfuz etdiyini göstərməkdədir.

Xəbər verdiyimiz kimi, türklərin yeni nazirlər kabinetində yer almamasına bundan öncə Mərənd və Culfa şəhərlərinin millət vəkili Məhəmməd Həsənnəjad və “Şəhriyar” Fondunun rəisi, Təbriz əhalisinin keçmiş millət vəkili Əli Əsğər Şeirdust da öz etirazlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed