Şrift:
Urmiyənin millət vəkili Türk Bölgələri Fraksiyasının ləğv edildiyinə dair iddia ilə bağlı belə dedi
12.08.2017 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentində Türk Bölgələri Fraksiyasının gələcək taleyi ilə bağlı ziddiyyətli açıqlamalar verilir.

Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar “Türk” sözünə olan həssaslıqlara görə Türk Bölgələri Fraksiyasının ləğv edildiyini bəyan etdikdən bir gün sonra Urmiyənin millət vəkili Ruhulla Həzrətpur həmkarının iddiasını təkzib edən açıqlama verib.

O bir yerli mətbuat orqanına verdiyi müsahibədə bildirib ki, Türk Bölgələri Fraksiyası olduğu kimi yerindədir, onun ləğv edildiyini elan etmək qanunsuzdur.

R.Həzrətpur həmçinin əlavə edib ki, ““Türk” sözü heç də həssaslıq yaratmır. Türk Bölgələri Fraksiyası parlamentin İdarə Heyəti və səlahiyyətli orqanların rəsmi icazəsi ilə işə başlayıb, onun fəaliyyətinin davamı üçün heç bir qanuni qadağa yoxdur.”

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Ş.Bimiqdar iki gün öncə bildirmişdir ki, İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacaq.

Millət vəkili əlavə etmişdir ki, artıq “Şimal-Qərb Əyalətləri Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

“Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər”- deyə Ş.Bimiqdar bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed