Şrift:
Ruhulla Həzrətpur: Ciloluq faciəsi rəsmən tanınmalıdır
14.08.2017 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur XX əsrin əvvəllərində törədilən Ciloluq faciəsinin 100-cü ildönümü ərəfəsində, tarixi hadisə ilə bağlı yeni açıqlama verib.

O bu barədə yerli xəbər agentliklərinin birinə danışıb.
“Ciloluq faciəsi unudulmamalıdır. Mən bu tarixi faciənin rəsmən tanınması və onun dərsliklərə salınması üçün əlimdən gələni edirəm. Artıq faciənin 100-cü ildönümü ərəfəsindəyik. Tarixi faciənin təkcə virtual aləmdə işıqlandırılması, bu haqda bir neçə məktubun yazılıb və harasa göndərilməsi ilə kifayətlənə bilmərik”- deyə R.Həzrətpur qeyd edib.

Tarixi faciəyə xüsusi həssaslıq göstərən millət vəkili əlavə edib ki, mən hər zaman bu mövzunu diqqətdə saxlamışam, hətta ölkə prezidenti Urmiyəyə səfər etdiyi zaman, bu məsələ ilə bağlı ona xüsusi məktub da təqdim etmişəm.

R.Həzrətpur həmçinin cari ilin mart ayında sözügedən dəhşətli tarixi hadisə ilə əlaqədar İranın Təhsil nazirinə məktubla müraciət edib.
Millət vəkili məktubda Ciloluq faciəsi zamanı Urmiyə və Qərbi Azərbaycan Vilayətində minlərlə insanın qətlə yetirildiyini bir fitnə adlandırarq onun tarixi cəhətdən önəmli bir hadisə olduğuna diqqət çəkib. “Ciloluq faciəsinin 100-cü ildönümü yaxınlaşır, bu münasibətlə baş verən ibrətverici faciə tarix dərsliklərinə salınmalıdır. Bunun üçün lazımi tədbirlərin alınmasını xahiş edirik”- deyə məktubda qeyd olunub.

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed