Şrift:
Azərbaycan güləşçilərinin hazırlıqları davam edir
15.08.2017 [09:36] - Gündəm, İdman
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.

Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənədək davam edəcək. Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq aparacaqlar. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək.

Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, ayın 23-24-də qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed