Şrift:
Məhəmməd Xatəmi: “Musəvi və Kərrubinin həbs məsələsi yalnız Xamneyinin göstərişi ilə həll edilə bilər”
21.08.2017 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi avqustun 19-da İran-İraq müharibəsinin bir qrup iştirakçısı ilə görüşərək dini lider Əli Xamneyidən 6 ildən çoxdur ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

Xatəmi bildirib ki, Musəvi və Kərrubinin həbs məsələsi yalnız İranın dini lideri Əli Xamneyi həll edə bilər: “Təəssüflər olsun ki, bu şəxslərin ev dustaqlığında saxlanılması ilə bağlı məsuliyyət daşıyan rəsmi qurumlar, onların həbs məsələsinin həll olunmasını istəmir, ya da bu düyünü açmağa qadir deyillər. Elə buna görə də hesab edirəm ki, bu problem yalnız İranın dini lideri ayətullah Xamneyinin müvafiq nəzəri və göstərişi ilə həll ediləcək.

Mənim ölkə liderindən indiyə qədər heç bir istəyim olmayıb. Lakin bu gün, burada əyləşən İran-İraq müharibəsi iştirakçıların adından ölkə liderinə müraciət edərək, ondan Musəvi və Kərrubi həbsinə son qoyulmasına göstəriş verməsini xahiş edirəm”.

Bu arada, İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei avqustun 20-də jurnalistlərə açıqlamasında, təhlükəsizlik əməkdaşlarının Kərrubinin saxlandığı evdən çıxarılacağı ilə bağlı bəzi rəsmilərin dilindən yayılan bəyanatları və hökumətin bu barədə verdiyi vədi rədd edib: “Bu haqda yayılan söz-söhbətlərin hamısı əsassız və yalandır. Hesab edirəm ki, bu kimi yalan xəbərləri yaymaqla insanları təhrik etməyə çalışanların qarşısı alınmalı, onlar barədə ciddi tədbir görülməlidir”.

Xatırladaq ki, 80 yaşlı Mehdi Kərrubi, ona qarşı göstərilən psixi təzyiqlərə, həbs müddətinin uzun çəkməsinə və təhlükəsizlik əməkdaşlarının bütün sutka ərzində onun qaldığı evdə onunla birgə qalıb onun hər bir hərəkətinə nəzarət etməsinə etiraz əlaməti olaraq avqustun 16-sı axşam saatlarından quru aclıq aksiyasına başlamışdı. Quru aclığa başlamasının ardınca, Kərrubinin qan təzyiqi kəskin qalxdığına görə, o avqustun 17-si saat 1 radələrinə ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən xəstəxanaya yerləşdirilmişdi.

Avqustun 17-si axşam saatlarında Səhiyyə naziri Həsən Qazizadə Haşimi və ETTELAAT nazirinin müavini Purfəllah xəstəxanaya gedib Kərrubi ilə görüşərək hökumətin onun tələblərindən birini, yəni təhlükəsizlik əməkdaşlarının onun saxlanıldığı evdən çıxması tələbini qəbul etdiyini bildirməsindən sonra o aclığı dayandırmışdı. Kərrubi son bir ay yarımda ürəyində yaranmış nasazlığa görə üç dəfə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, həmin vaxtdan barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed