Şrift:
Təbrizin Ərk qalasında ağır texnika ilə qazıntı işləri aparılır
22.08.2017 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rejimin Təbrizin tarixi və əzəmətli Ərk Qalasında qazıntı işləri apardığı ilə bağlı xəbər yenidən gündəmə gəlib.

Güney azərbaycanlı internet istifadəçiləri virtual aləmdə Ərk qalasında yenidən qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar. Bazar günü yayılan videoların birində Ərk qalasının cənub tərəfindəki divarının yanında ağır texnikanın işlədiyi və həmin yerin söküldüyü görünür. Bu qazıntılardan sonra, onsuz da baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan tarixi qalanın çökmə ehtimalı artır.

Görünür ki, bundan öncə qalanın sökülməsinə dəfələrlə təşəbbüs göstərən Təbrizin Müsəlla Fondu, tarixi məkanı məhv etmək fikrində qərarlıdır.

Ötən günlərdə də sosial şəbəkələrdə Ərk qalasından oxşar video yayılmışdır. Həmin videoda qalanın cənub tərəfinin Kompressorla qazıldığı görünürdü.

Təbrizin Ərk qalasında ağır texnika ilə qazıntı işləri aparılır

Bu günədək Mədəni İrs Təşkilatı tarixi məkanın dağıdılmasına səssiz qalaraq bu barədə heç bir açıqlama verməyib.

2016-cı il noyabr ayında, mətbuatda Ərk qalasının yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılmışdır. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı və bildirildi ki, Arxeoloqlar qala ətrafında araşdırma aparıb, nəticəni elan etdikdən sonra parkingin tikilib vəya tikilməyəcəyi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed