Şrift:
Dilavər Əzimli: ““Azəri” ifadəsi dünya türklərinin birləşməsinə ciddi şəkildə mane olur”
22.08.2017 [11:42] - Xəbərlər, Müsahibə
“Mən bütün qədim və orta əsr mənbələrində ”azərilər" sözünə rast gəlməmişəm"; Tarixçi alimdən ilginc təklif: “Türkiyə cəmiyyətinə müraciət etmək lazımdır ki, bizə münasibətdə bu ifadəni işlətməsinlər”

Tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylının Azərbaycan türkləri və azərilər barədə səsləndirdiyi fikirlər vaxtaşırı müzakirə predmetinə çevrilən məsələni yenidən gündəmə gətirdi. Azərbaycan əhalisinə, ümumiyyətlə, dünyada yaşayan azərbaycanlılara “azəri”lər deyilməsi heç vaxt birmənalı qəbul olunmayıb və buna qarşı açıq şəkildə etiraz edənlər də olub. Bu mənada türkiyəli alimin “türklər arasında azəri adlı millət yoxdur və Azərbaycanlı ilə azəri başqa-başqa anlayışlardır” deməsi ürəyimizdən oldu. Lakin eyni zamanda onun azəri milləti anlayışını Stalinin uydurduğu barədə səsləndirdiyi fikirlər təkzib edildi.

Atatürk Mərkəzinin müdiri, deputat Nizami Cəfərov isə öz növbəsində deyib ki, azəri milləti anlayışını Stalinin uydurması fikri doğru yanaşma deyil: “Bu anlayış heç vaxt Stalinin uydurması ola bilməz. Azəri milləti ifadəsi Stalindən öncə də işlədilib. Bunu Bəkir Çobanzadə 20-ci illərdə işlədib. Hətta onun müəyyən elementləri Yusif Vəzir Çəmənzəminlidə də var”.
Bəs bu mübahisələrdə tərəflərin hansı haqlıdır, tarixçilərimiz bu barədə nə deyir? AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə müsahibəmizdə maraqlı tarixi məlumatlar əldə etdik.


- Dilavər bəy, türkiyəli tarixçi, professor İlber Ortaylının Azərbaycan türkləri və azərilər barədə dediklərinə münasibətiniz necədir? Tarix bununla bağlı nə deyir?


- Mənim hörmət bəslədiyim, türk dünyasının dəyərli tarixçisi İlber Ortaylı bunu türk birliyi kontekstindən söyləyib. Bu yanaşmanı şəxsən mən qəbul edirəm. Ümumiyyətlə, mən bu fikrin tərəfdarıyam ki, “azəri” adlı bir millət yoxdur. Millətin formalaşmasının xarakteristikası var. 18-ci əsrdən başlayaraq millətlərin formalaşması prosesi getdi. Tarixə nəzər salsaq, biz həmin dövrə qədər necə adlanmışıq? 18-ci əsrə qədər uyğur türkləri, özbək türkləri, qazax türkləri kimi adlar olmayıb. Çingiz xana qədərki dövrdə oğuzlar, qıpçaqlar gedir. Ozamankı proseslərə baxın: uyğurlar, moğollar, tatarlar...Türk qövmləri hamısı bu adla adlanır. Çarizm dövründə isə tatar adı ilə gedir. Bu da sanki türkün sinonimidir. Moğol tatarlardan qalma bir sinonimdir.


- Kifayət qədər geniş mövzu olduğu üçün istərdim ki, konkretləşdirək: azəri adı hardan gəldi və bizə bu adı kim qoydu?


- Mən hesab edirəm ki, “azər”, “azəri” coğrafi anlamdan irəli gəlir. Məsələn, bizim tarixi kitablarda Azərbaycan sözünün etimalogiyası reallığı əks etdirmir. Yəni Atropat sözü ilə Azərbaycan yarana bilməzdi. Bütün tarixçilər, xüsusilə mənim böyük hörmət bəslədiyim Əhməd bəy Azərbaycan haqqında yazır ki, uzun araşdırmalardan sonra belə qənaətə gəldim ki, Azərbaycan Tanrı yurdudur. Tanrıçılıqda Günəş Tanrı nəzərdə tutulub. “Azər”i coğrafi anlamda qəbul edirəm. Amma istənilən bir tarixçi, dilçi 18-ci əsrdən, millətlərin formalaşmasından bu yana azəri milləti haqqında mənbələrdən bir sitat gətirsinlər, mən tabe olum. Çarizm dövründə bizə daha çox “tatar” kimi yanaşıblar. Təsəvvür edin, Rusiya ərazilərindən tutmuş Azərbaycan ərazilərinə, Orta Asiyaya qədər yaşayan əhalinin adını “tatar” qoyublar. Əslində hesab edirəm ad elə o cür qalsaydı, yaxşı olardı, bu gün bilərdik ki, həmin ərazilərdə türk adının sinonimi kimi tatarlar yaşayır. Çünki tatarlar birmənalı şəkildə türkün adını özündə ehtiva edir. Amma “azəri”yə millət kimi yox, yalnız coğrafi anlamda yanaşmaq olar.


- Bəs bu ifadəyə ilk dəfə hansı mənbədə rast gəlinir, kimə məxsus ifadədir? Təbii ki, türkiyəli alimin dediyi kimi, Stalinə məxsus deyil...


- Yox. Mənim hörmətli hocam azəri məsələsində bir az yanlışlıqlara yol verib. Azəri sözü Azərbaycanın qısaldılmış adıdır. Qısaldılaraq “azəri” deyirlər. Osmanlı türkləri də, digərləri də azəri sözünü işlədib, bu, gündəmə daxil olub. Hocam yanlışlığa yol verib: azərbaycanlı sözünü Stalin gündəmə gətirib. Bəllidir ki, Atatürk Osmanlının çöküşündən sonra Türkiyə Cümhuriyyətini yaradanda Azərbaycanda olduğu kimi, orda da latın qrafikasına keçdilər. Orada uzun müqavimətlə üzləşəndən sonra Osmanlı sözünü Türkiyə ilə əvəzlədi və Ana Yasaya saldırdı. 1936-37-ci illərdəki proseslərdə isə Stalin başda olmaqla, Moskva hesab etdi ki, Azərbaycan türkü ilə Türkiyə türkünü ayırmaq lazımdır. Bu mənada “azərbaycanlı” ifadəsini işlətdilər. Şoloxov deyib ki, vaxtilə Moskvada Azərbaycan günləri keçirilirdi və Stalin orda iştirak edirdi. Stalin birdən qayıdıb deyib ki, bunlar əslində azərbaycanlıdır və bunları bu cür də yazmaq lazımdır. Şoloxovdan bu müsahibəni götürən şəxs deyir mən o zaman Azərbaycan nümayəndə heyətinə dedim ki, bunun səsi sonra çıxacaq. Deyir doğrudan da bu səs sonradan çıxdı. 70 il ərzində Azərbaycanda çox adama türk deyəndə qayıdırdı ki, “mən türk deyiləm, azərbaycanlıyam”. Əslində Azərbaycan Orta Asiya ilə Türkiyə arasında bir körpüdür. Azərbaycanı sıradan çıxartsan, hər şey məhv olar. Eyni proses digər türk millətləri ilə də davam etdirildi. Cağatay türkləri idi, özbək, qazax, qırğız adlandırdılar və eyni münasibəti orda da müşahidə edirik. Dəfələrlə beynəlxalq konfranslarda şahidi olmuşam, deyirəm sən türksən, qayıdır ki, “yox, mən özbəyəm”. İlber Ortaylı bir yanlışlığa yol verib, amma hesab edirəm Stalin məsələsinə toxunmaqda onun əsas məqsədi ondan ibarət olub ki, siyasi anlamda türklüyün parçalanması məsələsinə münasibət bildirsin. Həmçinin o, türk adını işlətməklə Türk-Turan dünyasının birləşməsi məsələsini gündəmə gətirir. Bir müddət əvvəl Nursultan Nazarbayevin də bir çıxışı oldu ki, türk birliyini möhkəmləndirməliyik. Bundan sonra ruslar ona hücum etdilər.


- Qayıdaq azəri məsələsinə. Cənubi Azərbaycan türkləri isə “azəri” sözünü özlərinə təhqir hesab edirlər. Yəqin sizə də rast gəlib belə faktlar.


- Rəhmətlik Seyidağa Onullahinin elmi məqaləsi var idi: “Azəri necə yarandı?” İranda 15-ə qədər kənd var ki, onları “azəri” adlandırırlar. Onların dilləri bir az fərqlidir. O əhalinin danışıqlarından məndə nümunələr də var. Təsəvvür edin, onların dili fars və türk sözlərinin qarışığından ibarətdir. Əhməd Kəsrəvi ona verilən tapşırıq əsasında ortaya belə bir material qoydu ki, guya burda yaşayanlar əslində irandilli olub, sonradan, Səlquqlar gələndən sonra isə bunların dilinə türk dili qarışıb. Hətta bizi, Azərbaycanın şimalını da bura şamil elədi. Hansı ki, geniş arxeoloji qazıntılar aparılmamışdı, antropologiya o dərəcədə inkişaf etməmişdi. Odur ki, bunlar hücuma keçdilər. O zaman yadıma gəlir ki, Yaqub Mahmudlunun xahişi əsasında Seyidağa Onullahi buna cavab verdi. Onullahi sübut etdi ki, bu, qondarma bir işdir, saxta iddialarla bu əhalini “azəri” kimi təqdim etmisiniz, uydurma bir şey yaratmısınız, amma onların azərilərə dəxli yoxdur. Həmin vaxt o İran şovinistlərinə yaxşı cavab verdi. Həmin məqalə məndə indi də qalır. Sonra gördülər ki, min illər öncəki mənbələr belə iddiaları təkzib edir, o zaman səslənən iddialar öz əhəmiyyətini itirdi. Amma yenə də İran şovinistləri o iddialardan istifadə edirlər.


- Bildiyimizə görə, İranda bu adda tayfa bu gün də var...


- Deyəsən, İranın Kirman adlı ərazisindədir. Amma onların Azərbaycana, Azərbaycan türklərinə aidiyyəti yoxdur. Elmi ədəbiyyatlarda məqsədli şəkildə azəri sözündən istifadə edirlər.


- Məhəmməd Əmin Rəsulzadə və digərlərində azəri milləti ifadəsindən istifadə olunubmi?


- Biz necə “azəri”yik ki, Məhəmməd Əmin Rəsulzadə Ana Yasaya türk yazdirdı? Deməli, bunun əsası var. Məhəmməd Əmin Rəsulzadə bu ifadəni coğrafi mənada işlədib, Azərbaycanın adının qısaldılmış forması kimi. Azəri sözünün etimologiyası bizə məxsusdur. Buna baxmayaraq, Əhməd Kəsrəvidən başlayaraq, bu məsələdə yanlışlıqlara yol verildi. Necə ki, ərmən tayfası adını ermənilər mənimsədilər, bizim tarixşünaslığımız, tarix elmimiz sərbəst olmadı. Müstəqil dövlətimiz 2 ilə qədər yaşadı, ondan sonrakı 70 ildə də eyni sistemi, eyni konsepsiyanı davam etdirdilər. Amma yenə deyirəm, azəri adında millət ola bilməz, bu, mümkün deyil. Azər xalqı haqqında Firudin Cəlilovun da fikirləri var. Lakin bütün tarixi mənbələrdə Azərbaycanda daha çoxsaylı yaşayanların türk olması haqqında yazılıb. Millətləşmə prosesindən sonrakı mərhələdə azəri milləti adlı ifadəyə tarixdə rast gəlinmir.


- Dilavər bəy, qardaş Türkiyə dövlətinin rəsmiləri ən yüksək səviyyədə “azəri kardeşlerimiz” deyə müraciətlər edirlər. Necə bilirsiniz, bəlkə dövlət başçıları səviyyəsində bəyanata, yaxud qeyri-rəsmi də olsa, razılaşmaya ehtiyacmı var ki, bundan sonra “azəri” ifadəsini işlətməsinlər?


- Türkiyədə bu təqdimat nəinki rəsmi səviyyədə işlənir, hətta elmi ədəbiyyatda da əksini tapır. İlber Ortaylını əslində özündən çıxardan Azərbaycandan olan münasibət deyil, Türkiyənin elmi ədəbiyyatındakı bu cür yanaşma tərzidir. Elə mənim hocam Xəlil İnalcıq da deyirdi ki, bu ifadəni ortalıqdan qaldırmaq lazımdır, çünki “azəri” ifadəsi dünya türklərinin birləşməsinə ciddi şəkildə mane olur. Baxın, Bütöv Azərbaycan Ocaqları 1 il bundan qabaq təşəbbüslə çıxış etdi. Türkiyə baş nazirinə, şəxsən president Ərdoğana müraciət etdi ki, buna yol verməsinlər və bizi Azərbaycan türkləri adlandırsınlar. Çox təəssüf ki, hələ bir reaksiya gəlməyib. Mən də tam razıyam, “Yeni Müsavat” ən populyar bir qəzetdir, bu məsələdə Türkiyə cəmiyyətinə müraciət etmək lazımdır ki, bizə münasibətdə bu ifadəni işlətməsinlər. Bu, siyasi anlam kəsb edir. Əslində bu, Azərbaycan türkləri ilə digər türklər arasında parçalanmaya xidmət edir.


- Yəni biz “Bir millət, iki dövlət” deyiriksə, aydın məsələdir ki, “azəri” ifadəsi parçalanma yaradır.


- Tamamilə razıyam. Bir məsələni deyim: Əbülfəz Elçibəyin prezidentliyi zamanında bizim Ana Yasamıza “türk” yazıldı. Lakin hakimiyyət süqut edəndən sonra rusların bir saylı tələblərindən biri konstitusiyadan “türk” ifadəsinin çıxarılması oldu. Amma Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, ustalıqla bunun öhdəsindən gəldi. Təsəvvür edin, konstitusiyadan türk ifadəsi çıxarıldı, amma “Bir millət, iki dövlət”i ortaya atdı, Türkiyədəki insanlarla eyni millət olduğumuzu göstərdi. Odur ki, indi zamanı yetişən bu məsələni qaldırmalıyıq.


- Siz tarixçi araşdırmaçı olaraq ilk dəfə “azəri” ifadəsinə nə zaman, hansı əsrdə rast gəlmisiniz?


- Mən bütün qədim və orta əsr mənbələrində “azərilər” sözünə rast gəlməmişəm. Birləşmiş Səfəvilər dövlətiydi, “Yetdikcə tükənür ərəbin kuyü-məskəni, Bağdad içində hər necə kim türkman qopar..." (Şah İsmayıl Xətai-E.P.)


Gördüyünüz kimi, “türkman” ifadəsi işlənib. Nadir Əfşar “Mən böyük türkəm, Türk imperiyası yaradacağam” deyirdi. Əslində Səfəvilərin ərazilərini bərpa edirdi. Daha sonra Ağa Məhəmməd Şah Qacar gəlir. O da deyir “türkəm”. Bütün Qacarlar dövründə türk şahzadələrindən bəhs olunur. İddialar doğru olsaydı, elə “azəri şahzadəsi” yazılardı da...


Elşad PAŞASOY
Bu xəbər oxucular tərəfindən 1373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed