Şrift:
Növbəti hərracda 11 dövlət əmlakı özəlləşdirilib
22.08.2017 [12:48] - Gündəm, İqtisadiyyat
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən avqustun 22-də növbəti hərrac keçirilib.

Komitədən bildirilib ki, bu hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Prezident İlham Əliyevin Fərman və tapşırıqlarına əsasən, daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. ƏMDK dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqini genişləndirir.

Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün həyata keçirilən mühüm yeniliklərdən biri komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq, özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edək ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kvadratmetrə yaxın, ümumi faydalı sahəsi isə 121 kvadratmetr, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kvadratmetr, ümumi faydalı sahəsi isə 2234 kvadratmetr, “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kvadratmetr, ümumi faydalı sahəsi 213 kvadratmetr təşkil edir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçay, Xaçmaz və Sumqayıtda yerləşir.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin 3-ü paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, digəri Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsinin hər ikisi Mingəçevir şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 15 kvadratmetr ilə 49 kvadratmetr arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 37 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə “Hyundai Sonata” və “QAZ-3307”dir. Avtomobillər müvafiq olaraq 2007 və 2008-ci illərin buraxılışlarıdır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək olar.

Qeyd edək ki, 2017-ci ildə 110 hərrac keçirilib. Xarici investorların da özəlləşdirməyə cəlb edilməsi, hərraclara qatılması istiqamətində işlər aparılır. 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanıb.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. İstifadəçilərinin sayı 800 mindən çox olan portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı, regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed