Şrift:
Atenanın qatilinə yaxın günlərdə hökm oxunacaq
28.08.2017 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 26-da Ərdəbil Əyalətinin Parsabad şəhərində 7 yaşlı Atena Aslanini qətlə yetirən İsmayıl Cəfərzadənin son məhkəmə iclası keçirilib, mərhumun atası isə prosesinin ləng getdiyini bildirərək qatil haqqında məhkəmə hökmünün gecikdiyini açıqlayıb.

Mərhum azyaşlının atası Behnam Aslani son məhkəmə iclasından öncə “İsna” xəbər agentliyinə müsahibə verib. “Mənim təkcə istəyim qatilin əhalinin gözü qarşısında edam olunmasıdır. Qoy günahsız uşaqlara qarşı cinayət törətmək fikrində olanlara ibrət dərsi olsun. Hətta bu adam daşqalaq olmağı da haqq edir”- deyə o bildirib.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, “cinayət dosyesinə baxan hakim Əmir Aslan Hüseyniyan bunun son məhkəmə iclası olduğunu və bir həftə ərzində qatil haqda hökm çıxarılacağını açıqlayıb.

“Bu günə qədər müttəhim zindanın karantin bölümündə saxlanılıb, onun heç bir məhbusla əlaqəsi olmayıb. Hökmə gəldikdə isə çıxarılacaq hökm yekun və qəti qərar olacaq, artıq dosye ilə bağlı növbəti məhkəmə iclası keçirilməyəcək”- deyə hakim bəyan edib.

Bu arada qeyd edək ki, avqustun 26-da keçirilən məhkəmə iclasında ilk dəfə olaraq Atenanın qatili ilə onun valdeynləri məhkəmədə üz-üzə gəlib. Həmin səhnə aşağıdakı şəkillərdə görüntülənib.

Xatırladaq ki, İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb. Artıq 42 yaşlı qatil polisə günahını etiraf edib. Meyitin üzərində zorlanma əlamətləri aşkar edilib. Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed