Şrift:
AŞİQLƏR - Fəxrəddin Salim
29.08.2017 [10:46] - Xəbərlər, DAVAMın yazıları
Hər xüsusda söz söyləmək olmur. Bunu bacarmaq cahillərə xas olan şeydir. Ancaq bir xüsus var ki, onun barəsində danışmaq, fikirləşmək hər kəsin haqqıdır. Onun da adı sevgidir, eşqdir. İkisi ayrı-ayrı mətləblər olsa da sevmək, sevilmək, ən müxtəlif səviyyələrdə, ən müxtəlif rənglərdə və ölçülərdə hər kəsin, hətta heyvanatın və nəbatatın başına gələ biləcək nəsnədir. Eşq, Allahın gizli adıdır deyirlər. Elə buradan başlayaq.

Çəkicilik, çəkiciliyə meyl, cazibə qanunu və bu qanuna istisnasız tabe olmağı böyük Nizami Gəncəvi bir zamanlar eşq adlandırırdı. Hətta onu “göyləri uca mehrabı” deyə anırdı. Mən orijinala baxmamışam. Ancaq əgər tərcümə qüsurlu deyilsə, mehrab dində və dinlərdə ibadət edilən, səcdə edilənin müəyyən olunmuş səmti deməkdir. Tutaq ki, islami ibadətərdə mehrab məscidlərdə olur və qibləni, yəni Məkkəni və Kəbə evini göstərir. Nizami isə göylərin mehrabından danışır. Yəni, göylər də səcdə edir, onlar da ibadət edir. Kimə? Bu mühüm deyil. Ona görə ki, onların mehrabı eşqdir. Eşq vəhdət səbəbi olduğu üçün orada aşiq-məşuqluq var, bəndəlik-Allahlıq yoxdur. Aşiqin isə nə özünü, nə də məşuqunun kim olduğunu sorarlar. Çünki eşq elə bir həngamədir ki, nəzərləri, diqqətləri yanlız özünə, öz qopardığı fırtınaya yönəldir. Ağladan da özü olur, ağlayan da.

Aşiq sevdikdən sonra qovuşur, yoxsa qovuşduğunu sevir? Bizcə mənasız sualdır. Çünki bunların heç birisi eşqin dilemmasını çözə bilməyəcək. Çünki eşq nə sevməkdir, nə də qovuşmaq.

Elə burada da sevgi ilə eşqin ayrılığı başlayır. Bu ayrılıq baş tutmalı idi, vacib idi. Təkcə ona görə yox ki, səviyyələr fərqlidir və yaxud da birisi insanidir, o biri ilahidir. Yox. Heç eşqdə insan və Allah da yoxdur. Çox zaman özlərindən bir şeylər uydurub deyirlər ki, filankəs Allaha aşqi olmuşdu, hər şeyi unutmuş və bütün başqa sevgiləri bir kənara qoymuşdu. Belə şeylər məni incidir.

Bir əhvalat nəql etmişdilər. Deyirlər, məşhur bir təriqətin təkyəsində Həzrəti Pir təkyəyə yeni gələn gənc bir oğlanla söhbətə başlayır. Soruşur ki, oğlum, sən heç həyatda bir qıza aşiq oldunmu? Gənc sərt bir şəkildə, əstafirullah əfəndim, bu nə sözdür, mən ancaq Allaha aşiqəm. Bu sözdən sonra mürşid onu mədəni şəkildə təkyədən qovmuş və son olaraq da demişdir ki, oğlum sən heç sevməyi bacarmırsan!

Lakin bu, heç də o demək deyil ki, əvvəlcə insanı sonra Allahı sevmək mərhələli prosesdir. Eşq mərhələ, ölçü, təyin, proqnoz və məntiq tanımaz. Əgər bunlara tabe olarsa, o zaman eşq olmaz. Eşqin tanımadığı nəsnələrdən biri də səbəb və ünvandır. Kimi və niyə sevdiyini bilənlər aşiqlər deyil, sadəcə bir az başqasını, bir az da özünü sevən idarəli, ağıllı məxluqlardır.

Canı kim cananı üçün sevsə, cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər.

Böyük Füzuli burada söz oynatmayıb, şairlik etməyib. O, çılpaq həqiqəti deyib. Acıdır onun dedikləri, kinayəlidir, riya əhlinin, qarşılıq gözləyənin, özünü sevənin canına ox kimi batır. Çünki can məlumdur. Ancaq ortaya canan gələndə can öz mahiyyətini itirir. Ruh olmaqdan, bədən olmaqdan, birinə məxsus olmaqdan, qorunma instiktindən, fayda və zərər anlayışından çıxır. “Canan”da cəm şəkilçisi var - “an”. Yəni, “canlar”. Cəm olur, birləşir, bütün kainatla vəhdət halına gəlir aşiq olan kimsə. Can canana dönür. Yenə Füzuli:

Gər mən mən isəm, nəsən sən ey yar?

Gər sən isən, nəyəm məni-zar?

Bunu Məcnunun dilindən deyir. Əslindən bunları Məcnun Füzulinin dilindən deyir. Çünki nə Qeys var, nə Füzuli var. Ancaq Məcnun var, daha doğrusu, məcnunluq var. Yəni, aşiq yoxdur, məşuq da yoxdur, sadəcə və sadəcə eşq vardır.

Bunlar bizim nihilizmimiz deyil. Boşluq kimi görünən, ancaq əslində ən dolu olan və bəlkə də bu kainatda yeganə dolu olan şey elə eşqdir və eşqin bu cür tərifidir. Həllac Mənsur deyir: “Firon da “mən Allaham” dedi, mən də. Ancaq Fironla mənim fərqim ondadır ki, o, “mən Allaham” deməklə, Allahı inkar edib, özünü təsdiq edirdi. Mən isə, “Allah mənəm” deməklə, həm özümü inkar edirəm, həm Onu!”.

“O” kimdir?! Onu necə tanımaq olar? Məkanı, zamanı, rəngi, yeri məlumdurmu?

Məhəmməd Füzuli farsca divanının dibaçəsində yazır:

“Həqiqətən, Allahın həmdi şah beytinin ən layiqli qafiyəsi möcüzələr göstərən barmağının qələmilə göylər səviyyəsində ayın pəncəsini iki misraya bölüb, möcüzələr silsiləsinin mənzuməsinə mətlə (ilk beyt) edən sultanın tərifidir:

Öylə bir şah ki, asitanında

Üz qoyub torpağa günəş qul tək.

Əl atıb parə qıldı sinəsini

Şövqdən ay cəmalını görcək.

Və Allaha sitayiş mənzuməsini bir padşahın mədhi rədifi zinətləndirir ki, onun peyğəmbərliyinə iman, imanın əsli olan kəlmeyi-şəhadət mənzuməsində şeir beytlərinin birinci misrasını tamamlayan ikinci misra yerindədir ki, Allahın birliyi misrasını tamamlayar:

Tohid mücərrəd olsa kamil,

Verməz səmər heç kəsə nəhayət.

İman ilə fəzlinin sübutu

İqrari-nübuvvət olmuş əlbət.

Allahın səlavatı peyğəmbərlik sahibinə, onun böyük nəslinə və hörmətli səhabəsinə olsun. Onlar din bayrağını daşıyanlar, Allahın aydın şəriətini bizlərə gətirənlərdir. Allah onlardan razı olsun!”

Bunlar ilk baxışda dindir, dindarlıqdır. Lakin bu, qətiyyən belə deyil. Çünki yazar başqa bir kimsə yox, Füzulidir. Füzuli isə fərqli yazar, fərlqi deyər. Dindar olan kəs yazmaz ki;

Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma.

Əyilib səcdəyə salma fərağət tacını başdan,

Vücuddan su səpib, rahət yuxusun gözdən uçurma.

Sakın, pamal olursan buriyatək, məscidə girmə,

Və gər naçar girsən, onda minbər kimi çox durma...

Və sairə, və ilaxır. Eşqin həngaməsidir bütün bunlar! Eşqin günahıdır, elə bir günah ki, yüz min savaba dəyər!

“Söylərdi ki, ey cəfaçı dünya,

Bildim ğəmini, sənin ki, çoxdur,

Ğəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam ğəmin hərifi,

Təcrübə elə məni-zəifi”

Sevgilisinin qara saçlarına bənzəyən bu ətirli və nəfis misralar Qeysin, yəni Məcnunun dili ilə deyilib - təbii, böyük Məhəmməd Füzuli tərəfindən. Böyük usta bu misraları belə mənalandırır ki, Qeys doğulanda çox ağlayırmış və ağlarkən də həmin bu sözləri deyirmiş. Çox maraqlıdır, elə deyilmi? Həqiqətən də Şərq müəllifləri başqa bir dünyadır, özgə bir aləmdir. Yəni, əslində böyüklüyün Şərqi, Qərbi də olmur, böyük elə böyükdür. Ancaq Şərqdəki incəlik və duyğusallıq fərqli bir boyutdadır. Füzuli də bu boyuta daxil olanlardandır, yəni silsilədəndir. O silsilə ki, müqəddəsliyi ilə, ehtişamı və qırılmazlığı ilə bu gün də yaşayır. O silsilənin bir adı da ustad-şagird ardıcıllığıdır. Sufilərin, ürfan ərbabının silsiləsidir o silsilə. Füzuli elə-belə, havadan yazmırdı yazdıqlarını. Onun hər misrası bu cürdür. Onda bir dənə elə-belə, özünə yaraşmayan, kiçik, dayaz heç nə bula bilməzsən. Mümkün deyil. Hər beyti, hər misrası, hətta hər sözü, hətta və hətta hərfləri belə ayrıca, düşünülmüş, nizamlı və çox-çox gözəldir. Bunun ən başlıca səbəbi isə, təkcə Füzulinin nəhəng söz ustadı, söz sərrafı olması deyil. Əsas olay mövzuların özündədir. Mövzular böyükdür, mətləblər dərindir və zaman tanımır. İndikilərin atılıb düşməyinə, keçmişi müasirlikdən eybəcər üzullarla ayırmaqlarına baxmayın. Onların heç biri tarixin çərxindən keçməyib və keçə də bilməyəcək. Bu gün yazırlar, sabah özləri də oxumaq istəmirlər öz yazdıqlarını. Cılızlıq və zavallı təməlsizlik özünü çox tez bir zamanda göstərir. Gerçəkdən də hər şeyin, o cümlədən şeirin, incəsənətin binası, öncədən qazılmış və elmlə, ürfanla doldurulmuş xəndəyi olmalıdır. Yoxsa, o bina nə qədər uca, makiyajlı, təmtəraqlı görünsə də heç zəlzələyə-filan gərək qalmadan, öz-özünə rəngi solacaq, divarları töküləcək, içi də çölü kimi bərbad və yazıq bir hala gələcək. Çünki mayasında böyük mənada Haqq yoxdur. Haqqı isə, tanımaq və etiraf etmək gərəkdir. Haqq içimizdən kənarda deyil, Allah ayrı, biz ayrı deyilik. Sufilərdəki vəhdəti-vücud deyilən, indi çeynənib, anlaşılmaz hala gələn şey də elə budur. Ancaq klassik dediyimiz o mövzular yüz illərdir ki, tükü də tərpənmədən yaşayır. Elə o zamanlarda inşa olunan möhtəşəm binalar kimi - Əcəmi Əbubəkr oğlunun, Memar Sinanın yapdıqları əzəmətli tikililər kimi. Onlar yaşadı və onlar yaşayacaq. Çünki onlar Allaha üz tutdu, əsərlərinin baş qəhrəmanlarını Allahdan gətirdilər, Allaha bənzətdilər, Allahdan saydılar. Ona görə də onların yazdıqlarının ömrü də elə Allahın ömrü qədər oldu!

Bəli, Məcnun doğularkən, çox ağlayırdı. Rəvayət olunur ki, uşağın üstünə nə qədər həmşirə, həkim, baxıcı gətirdilər, mümkün olmadı onu kiritmək. Yenə də rəvayət olunur ki, Qeys doğulanda Leyla beş yaşında idi. Hər kəs yorulandan sonra qeyri-iradi Qeysi Leylanın qucağına verdilər və həmin anda da uşaq səsini kəsdi. Anlayanlar elə o zaman da anladı ki, onlar bir-birini tanıyır. Hələ bu dünyaya gəlməmişdən, heç bu dünya var olmamışdan öncə tanıyır. Anlayanlar indi də anlayır ki, bu tanışlıq hardan başlamışdır.

Dürdanəni səngi-siyah içində

Həsrət gözüm görən kimi tanıdı...

Bu müəmmalı misralar isə, Aşıq Ələsgərindir. Ona görə müəmmalıdır ki, hələ bir nəfər alim ya da sənətkar-filan cürət eləməyib, bəlkə də heç ağlının ucundan belə keçirməyib ki, sadə bir el aşığının dilindən çıxan bu cür şeirlər haqda bir az düşünsün. Dərindən-filan deyil, elə sadəcə düşünsün. Oxuyub keçməsin, ona özü kimi, öz ağlı çərçivəsində baxmasın. Amma hanı bizdə o mərifət?! Aşıq Ələsgər deyir ki, mən o gözəli - həmin o qara daşın içindəki dürrü görən kimi tanıdım. Çünki bir ömür idi ki, gözlərim ona həsrət idi. Diqqət edin, burada tanımaq deyə bir mətləb vardır. Onu harada görmüşdü? Cavab birdir: əlbəttə ki, Ələst aləmində! Qurani-Kərimdə adı bircə yerdə keçən və bütün İslam üləmasını min ildən çoxdur ki, avara qoyan həmin müəmma ürfan ərbabının dilində yağ kimi əriyərək, çözülür, ariflərin və aşiqlərin könlünə, ağlına və ruhuna bəxş olunur. Füzulidən Aşıq Ələsgərə qədər hər kəs tanımanın müəmmasını, sirrini gəzdiriblər öz bətnlərində.

Ələstdən “bəli” dedim, nə xoş kəmaldı yüküm,

Beş gözəlin aşiqiyəm, vəsfi-cəmaldı yüküm.

Həm dərindi, həm dayazdı, həm şirindi, həm acı,

Zəhmətdə zəhri-həlail, ləzzətdə baldı yüküm.



Nütfəsindən əyri olan tez göstərər isbatın,

Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.

Hərcayı hədyanə deyər, naşı biməz qiymətin,

Əhli-ürfan məclisində gövhər misaldı yüküm.



Biçarə Aşıq Ələsgər, sığın Şahi Heydərə,

Onun damənindən tutan məşhərdə yanmaz narə.

Pirim mənə nüsrət verib, girdim bu gün bazarə,

Sərrafsansa, aç xird elə, bax gör nə maldı yüküm!

Bu müdhiş divaninin də kökü elə Füzulidən gəlir. Ayrı cür ola bilməz. Eyni mətləbdir, eyni mənadır.

Bəli, eyni kök, eyni məna dərinliyi, eyni məna. Məşhur bir filmdə deyildiyi kimi, həmin dalğa həmin koordinat...
Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed