Şrift:
Xamneyinin nümayəndəsi: “İnsanların cənnətə getməsinə zəmin yaratmalıyıq”
31.08.2017 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin “Sepah”dakı nümayəndəsi axund Əli Səidi avqustun 30-da jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin insanları zorla dindar olmağa vadar etməyin yalnış olması ilə bağlı son olduğu bəyanatına reaksiya verib.

Axund Səidi, öz açıqlamasında İran prezidentinin adını çəkmədən onun son bəyanatına eyham vuraraq deyib ki, ölkəyə hakim mövcud dini hakimiyyət insanların dinə münasibətinə biganə qalmamalı, onların cənnətə düşməsinə yardım etməlidir: “Hesab edirəm ki, biz bir sıra işlərlə insanları cəhənnəmlik etməməliyik. Bəzi cənablar deyirlər ki, insanları zor gücünə cənnətə aparmaq olmaz və bu düzgün iş deyil. Biz isə bu kimi şəxslərin cavabında bildiririk ki, biz bu məsələyə laqeyd yanaşmamalı, bu barədə məsuliyyət daşımalı və insanların cənnətə getməsinə zəmin və şərait yaratmalıyıq”.

Xatırladaq ki, Həsən Ruhani avqustun 29-da dövlət televiziyasının 1-ci kanalına müsahibəsində ölkənin üz-üzə qaldığı problemlərdən danışaraq, onun hökumətini məktəblərdə dinsizliyin təbliğ olunmasına laqeyd yanaşmaqda günahlandıran cərəyanlardan danışıb.

O bildirib ki, ölkədə keçirilən son prezident seçkilərində bəzi cərəyanlar, müəllimləri məktəblərdə dinsizliyi təbliğ etməkdə, hökuməti isə buna göz yummaqda günahlandırıblar: “Bəziləri o vaxt müəllimlərə belə bir böhtan atdılar. Mən isə həmin vaxt bildirdim ki, bu iftira atanların cavabını verəcəyəm. Bizim müəllimlər cəmiyyətin elit zümrəsindəndir. Onların hamısının da dini təəssübkeşliyi var. Onlar siniflərdə şagirdlərə dərs keçərkən, həm öz əməlləri, həm də öz rəftar, bəyan və danışıq tərzləri ilə dini və islamı təbliğ edir, yayırlar.

Bütün bunlara baxmayaraq inanıram ki, cənnət və cəhənnəmin yolunu seçmək səlahiyyəti və ixtiyarı insanların özünə məxsusdur. Unutmayaq ki, heç kəsi zor gücünə dinə doğru hidayət etmək olmaz. Biz sadəcə olaraq insanları bu istiqamətdə hərəkət etməyə təşviq etməli, Allahın risalətini onlara çatdırmalıyıq. Biz yalnız bu ilahi risaləti onlara çatdıra, insanları bunu qəbul etməyə təşviq edə, onları pis əməllərdən çəkindirə bilərik.

Lakin bizim kimsənin əl-ayağını bağlayıb ona “Namaz qılmalısan” deməyimiz düzgün deyil. Daha doğrusu, biz heç kəsi dindar olmağa və namaz qılmağa məcbur edə bilmərik Çünki qılınan belə bir namaz, artıq namaz sayılmır. Halbuki namazda məqsəd, Allaha yaxınlaşmaqdır. Biz sadəcə olaraq cəmiyyəti hidayət edə bilərik. Zəlalət, (yoldan azma, rəzalət) və hidayət yollarından birini seçmək isə insanların öz işidir”
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed