Şrift:
Quzey Kıbrıs Demokrat Partiyasının baş katibi Bengü Şonya: “Rauf Denktaşa da “Anıt məzar” tikiləcək”
19.05.2012 [17:18] - Müsahibə
"Türkiyə bazarlarını bizə açsa, problermimiz olmaz"

Bakıda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyəti Demokrat Partiyasının baş katibi Bengü Şonyanın müsahibəsini təqdim edirik. Qeyd edək ki, hazırda Birlik Partiyasının sədri mərhum Rauf Denktaşın oğlu Sərdar Denktaşdır.

- Bengü bəy, söhbətimizə Demokrat Partiyası haqqında bilgi verməyinizlə başlayaq.

- Demokrat Partiyası 1992-ci ildə qurulmuş liberal-demokratik bir partiyadır. 2009-cu il parlament seçkilərində 5 millət vəkili yeri qazanmışdı. Bu gün həmin millət vəkillərindən 3-ü iqtidar partiyasına keçib. Demokrat Partiyası qarşıdakı seçkilərdə Quzey Kıbrısın birinci partiyası olmaq hədəfini qarşısına qoyub. Sosioloji sorğular da bunu göstərir. İnanırıq ki, həm Türkiyə ilə, həm Türk dünyası ilə əlaqələri irəliyə götürə biləcək, həm də xalqımızın rifahına ən gözəl şəkildə sahib ola biləcək partiya Demokrat Partiyasıdır.

- Növbəti parlament seçkiləri nə zamandır?

- Normalda 2014-cü ildə keçirilməlidir. Ancaq erkən seçkilər də keçirilə bilər. Çünki, ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır.

- Quzey Kıbrıs illərlə davam edən embarqolar səbəbindən hər zaman sıxıntı yaşayıb. Bunun üçün erkən seçkilər zəruridirmi?

- İqtisadi vəziyyətimizin embarqolarla birbaşa bağlı olduğu bir gerçəkdir. Amma embarqolarla yanaşı, bizim görə biləcəyimiz çox işlər var. Bunların əksikliyini hiss edirik. Biz Demokrat Partiyası deyirik ki, öncə ölkə içində olan potensialımıza, görə biləcəyimiz işlərə baxaq, sonra xarici təsirləri də nəzərə alarıq.

- Bir neçə ay öncə Türk dünyasının böyük oğlu, Quzey Kıbrıs davasının lideri və birinci prezidenti Rauf Denktaş haqq dünyasına qovuşdu. Bu gün Kıbrıs insanı Denktaşın yoxluğundan doğan boşluğu necə yaşayır?

- Haqqın rəhmətinə qovuşmuş sayın cumhurbaşqanımız Türk dünyasının böyük liderlərindən biridir. Rauf Denktaşın şanına layiq bir vida mərasimi həyata keçirildi. İndi də onun üçün bir "Anıt məzar" tikilməsi üçün çalışmalar başlayıb. Rəhmətlik Rauf Denktaşın sağlığında daim üzərində dayandığı prinsipləri vardı. Zaman da göstərdi ki, onun heç geri çəkilmədən üzərində dayandığı məsələlər doğru imiş. Burada təbii ki, ilk növbədə adanın rum kəsimi ilə aparılan danışıqlarda "heç geriyə çəkilməyin, prinsipləriniz üzərində möhkəm dayanın" kimi tövsiyyələrini xatırlamaq istərdim. Bu, bizim üçün bir prinsipdir. Onun ideyaları yolumuza hər zaman işıq tutmuşdur və Demokrat Partiyası da onun fikirlərinin, göstərdiyi yolun müdafiəçisi olaraq davam edəcək. Kıbrıs türk xalqının öz dövlətinə sarılaraq bu gerçəyi dünyaya qəbul etdirməyə çalışmasına da yardımçı olacaq.

- Adanın taleyi ilə bağlı aparılan danışıqların hazırkı durumu haqda nə deyə bilərsiniz?

- Biz 50 illik görüşmə prosesinin artıq yekunlaşmasının vaxtının gəldiyinə inanırıq. Biz partiya olaraq bir təklif irəli sürdük. Dedik ki, Kıbrıs türk xalqı bir referenduma getsin. Xalqımızdan soruşaq görək nə istəyirlər? Vəziyyətin bu şəkildə davam etməsinimi istəyirsiniz, yoxsa danışıqların bu şəkildə bir nöqtəyə varmayacağı bəlli olmuşdur? Referendum olarsa, bu bizim əlimizdə bir sənəd olacaq ki, dünyanın qarşısına çıxıb "Xalqımız bunu istəyir" deyə bilək. Gec-tez bunun baş verəcəyinə inanırıq. Bu, dünyanın qəbul edə biləcəyi, sayğı göstərə biləcəyi bir yoldur. Dünya bizim dövlətimizi tanımaya bilər, Əhmədi, Mehmedi tanımaya bilər, amma burda bir xalq yaşayır. Onun varlığını və qərarını tanımalıdır. Biz bu təklifi irəli sürdük, amma hələ ki, nə iqtidardan, nə də müxalifətdən bir cavab yoxdur.

- Quzey Kıbrısın nə zaman tanınacağı hələ bəlli deyil. Demək ki, embarqolar da hələ qalacaq. Gələcəyi təmin etmək və insanları adada saxlamaq üçün turizm və təhsil sektorundan başqa Quzey Kıbrısın başqa hansı potensialı var?

- Bizdə lokomotiv olaraq sizin də qeyd etdiyiniz kimi turizm və keyfiyyətli təhsil sektorudur. Bundan başqa, Kıbrısın gözəl təbiət imkanları var. Xalqın əkib-becərdiyini satması üçün imkan yaransa, insanlar yüksək gəlir əldə edər və ölkələrinə daha möhkəm bağlanarlar. Məsələn, Kıbrısda yetişdirilən kartof dünyada məşhurdur. İqlim şərtlərinə görə bizdə kartof başqa ölkələrdən daha əvvəl yetişib bazara çıxar. Bizdə yetişən portağal məşhurdur. Bunları əkib-becərmək problem deyil. Amma satmaq problemdir. Ölkələr bizi tanımır, Avropa Birliyi bizə embarqo tətbiq edib.

- Türkiyəyə ki, sata bilərsiniz...

- Bizim Türkiyə ilə ticarəti genişləndirməyimiz lazımdır. Ancaq Türkiyə dövləti Avropa Birliyi ilə arasında olan anlaşmalara görə bizdən kənd təsərrüfatı məhsullarını almır. Halbuki, təkcə Türkiyə bazarı bizə bu məhsulları satmağımız üçün yetərlidir. Tək Mersin yetərlidir ki, Kıbrıs türk xalqı əkib-becərdiyi məhsulu adadan çıxarıb orada sata bilsin. Bu, həm ölkəmizin qalxınmasına, həm də xalqımızın orada normal həyat şərtləri içərisində yaşamını təmin etməsinə nədən ola bilər. 75 milyon bizim üçün çox böyük bir bazardır. Yetər ki, Türkiyə bazarları üzümüzə açılsın. Başqa bir şey istəmirik. Bundan başqa, Avropa Birliyi də bizə birbaşa ticarət vədi vermişdi. Ancaq indiyədək bu da təsdiqlənməyib.

- Bakıdakı təmaslarınız haqda da bilgi verməyinizi istərdik.

- Burada Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla, Diasporlf İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla və Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcla görüşlərimiz olub. Azərbaycan yetkililəri ilə görüşlərdə bizim ölkənin gəncləri ilə buradakı gənclər arasında əlaqələrin qurulması üçün bir sıra işlərin görülməsi haqda təkliflər verdik. Gələcəyin idarəediciləri bu gənclərdir. Qoy, indidən yaxınlaşsınlar. Azərbaycan dövləti bizə dəstək olmaq istəyir. Amma bəzi siyasi problemlər səbəbindən bu dəstəyi tam şəkildə ortaya qoymaq mümkün olmur. Biz də həmin siyasi səbəblərin nə zamansa bitəcəyini gözləməməliyik. Buna indidən hazırlanmalıyıq.//Modern.az//
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed