Şrift:
Möhsün Rzayi: “Ümid edirik ki, İraq Kürdistanında müstəqillik referendumu keçirilməyəcək”
05.09.2017 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 4-də Bağdada səfər edən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi, “Əl-Məyadin” telekanalına müsahibəsində İraq Kürdistanının müstəqilliyi ilə bağlı sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumdan danışıb.

Möhsün Rzayi bildirib ki, İraq parçalanmamalıdır: “Əgər İraq parçalansa, müsəlman ölkələrin parçalanması üçün kənardan hazırlanan plan, növbəti mərhələdə Suriya və Tükiyəyə də şamil ediləcək. İran İslam Respublikası, İraqın parçalanmasına gətirib çıxaran hər hansı bir addımın kəskin əleyhinədir. Ümid edirik ki, İraq Kürdistanında müstəqillik referendumu keçirilməyəcək.

BMT üzvü olan İraq, regional ittifaqların tanınmış və mühüm üzvlərindən biridir. Bu ölkənin parçalanması böyük bir səhvdir. Belə bir addımın atılması, həm İraq vətəndaşlarına, o cümlədən də bu ölkənin şimalında yaşayan kürdlərə böyük ziyan vuracaq, həm də onların inkişafını, sülh və təhlükəsiz şəraitdə yaşamasını təhdid edəcək.

Daha doğrusu, İraqın parçalanması bütün bölgədə sabitliyin geniş miqyasda pozulmasının başlanğıcı olacaq. Məhz buna görə də biz belə bir referendumun keçirilməsinin əleyhinəyik və Kürdistan rəhbərlərini də bu prosesi dayandırmağa çağırırıq. Unutmayaq ki, islam dünyasının düşmənləri Suriya və Türkiyəni parçalamaq istəyirlər. Aydın məsələdir ki, Kürdistanda belə bir referendumun keçirilməsi bütün regionun sabitliyinə qarşı yönələn bir təhdiddir. Belə bir referendumun keçirilməsinə israr etmək, İraqa, Suriyaya və Türkiyəyə bir parçalanma savaşını zorla qəbul etdirməkdir. Belə bir parçalanma savaşı isə 20 il uzana bilər. Bu isə bütün regionun sabitliyinin pozulmasına səbəb ola bilər.

Kürdistanın bir sıra rəhbərlərinin öz şəxsi mənafe və məqsədlərinə uyğun gündəmə gətirdiyi referendum məsələsi təhlükəli bir oyundur. İraq Kürdistanının bir çox rəsmiləri də belə bir referendumun keçirilməsinə qarşı çıxıblar. Sadəcə olaraq bəzi kürd liderləri bu planı öz mənfəətlərinə uyğun aparır, onu gündəmə gətirirlər. Bu isə qəbuledilməzdir”.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed