Şrift:
Məşğulluq haqqında yalan hesabat yaymaqla problemi həll etmək mümkün deyil – Ərdəbilin millət vəkili
06.09.2017 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində yaşanan iqtisadi gərginlik və işsizlik problemi vaxtaşırı millət vəkillərinin etirazına səbəb olur.

Bu barədə Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri jurnalistlərlə danışarkən məlumat verib.
“Məşğulluq haqqında formal statistik məlumatın yayılması işsizlik problemini həll etməz. Mən Ərdəbil Əyaləti ilə bağlı belə hesabatlara qarşıyam. Biz real olaraq yeni iş yerləri yaratmalıyıq”- deyə o qeyd edib.

Milət vəkili təmsil etdiyi əyalətdə işsizlik səviyyəsinin yüksək olduğunu diqqətə çatdıraraq gənclərin bölgəni tərk etməsi ilə bağlı həyəcan təbili çalıb.
“Bizim əyalətdə işsizlik səviyyəsi ölkənin orta hesabından daha yüksəkdir. Məhz bu səbəbdən gənclər, xüsusi ilə də ali təhsil almış işsiz insanlar bölgəni tərk edərək başqa əyalətlərə köçürlər. Nəzərə almaq lazımdır ki, işsizlik problemi universitet məzunları və qadınlar arasılnda daha ciddidir”- deyə S.Bədri bildirib.

Ərdəbil, Nir, Yəmin və Səreynin millət vəkili sözgedən problemin aradan qaldırılması yollarına da işarə edib.
“İşsizlik problemindən qurtulmaq üçün lazımi infrastruktur dəyişikliyi edilməli və özəl sektor gücləndirilməlidir. Misal üçün əgər əyalətin mərkəzi şəhəri ilə paytaxt arasında geniş yol, hava limanı və dəmir yolu infrastrukturu yenilənməsə, bölgədə özəl sektorun inkişafı və sərmayə yatırımını gözləmək düzgün deyil. Ona görə də hesab edirəm ki, dövlət Ərdəbil Əyalətində özəl sektoru inkişaf etdirmək üçün müəyyən prioritetləri nəzərə almalıdır”- deyə o vurğulayıb.

Qeyd edək ki, İranda bütün türk bölgələrində yoxsulluq və iqtisadi tənəzzül getdikcə dərinləşir. Bunun əsas səbəbi iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed