Şrift:
Ermənilərin Qarabağdakı arxeoloji saxtakarlığı güclənir
21.05.2012 [00:34] - Hadisə
Azərbaycan ərazilərini işğal altında saxlayanlar bu torpaqlarda yeni-yeni “qədim erməni şəhərləri və sür-sümükləri kəşf edir”; Kəlbəcər, Şuşa, Füzuli, Ağdam ərazilərində qazıntılar gedir

Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında saxlayan ermənilərin bu ərazilərin guya qədimdən onlara məxsus olduğu barədə “dəlillər” toplamağa yönələn arxeoloji saxtakarlığı misilsiz xarakter alır. Bundan əvvəl Ağdam yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində “Tiqranakert” adlı qədim erməni şəhərinin tapıldığını iddia edən, bu “tapıntı” ətrafında xaricdə böyük təbliğat kampaniyası quran düşmən ölkə alimləri bu dəfə Kəlbəcər ərazisində, Tərtər çayı sahillərində “qədim erməni şəhəri”ni aşkara çıxardıqlarını elan ediblər.

Ermənilərə bağlı “Regnum” xəbər agentliyinin məlumatında deyildiyinə görə, Xankəndində, qondarma “DQR”in “turizm idarəsi” yanında arxeologiya komissiyasının toplantısı olub və orada 2011-ci il ərzində Qarabağda aparılmış arxeoloji tədqiqatların nəticələri müzakirə edilib.
Bildirilir ki, toplantıda “qədim erməni şəhəri Tiqranakertdə”, Azıx mağarasında (ermənilər Füzuli rayonu ərazisində ötən əsrin 60-cı illərində azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf edilən bu qədim insan məskənini Azox mağarası adlandırır.-müəl.), Kəlbəcər rayonu ərazisində, ermənilərin “Karkar” adı verdikləri Tərtər çayı sahillərində yeni kəşf edilən qədim “erməni yaşayış məskənində” aparılmış tədqiqatlar barədə danışılıb. Ermənilər Kəlbəcər ərazisindəki “tapıntını” ötən ilin əsas arxeoloji hadisəsi adlandırıblar.
Bu tədqiqatların nəticələri haqda erməni arxeoloq Qaqik Sərkisyan danışıb. O, iddia edib ki, qədimlərdə “Karkar” çox məşhur şəhər olub, Qarabağ özü isə bütövlükdə “Karkar ölkəsi” adlanıb. Erməni saxtakar-alimin iddiasına görə, qala-şəhər olan Karkar orta əsrlərdə mövcud olub və Şuşa şəhərindən şərqdə, Tərtər çayının sol sahilində yerləşib. Onun bildirdiyinə görə, şəhərin qalıqları 40 hektara qədər ərazidə aşkar edilib və hazırda qazıntılar davam edir.
Toplantıda qərara alınıb ki, Qarabağ ərazisində “qədim erməni məskənlərinin” izlərini tapmaq üçün arxeoloji qazıntılar bu il də davam etsin. Bu zaman xüsusi diqqəti Ağdam ərazisindəki qazıntılara yönəltmək nəzərdə tutulur. Bildirilib ki, “Tiqranakert”dən tapılmış eksponatlar muzeydə saxlanılır və hər il Qarabağa gələn minlərlə xarici turist həmin eksponatlara tamaşa edir. Xəbərə görə, toplantıda Azıx mağarasındakı qazıntılar zamanı tapılmış yeni-yeni qədim insan sümükləri, əşyalar və digər tapıntılar ekspertiza üçün xarici ölkələrə göndərilir, sonra yenidən Qarabağa qaytarılır.
Qeyd edək ki, ermənilər işğal altındakı Azərbaycan ərazilərində bir tərəfdən qanunsuz məskunlaşmanı genişləndirir, o biri tərəfdən isə azərbaycanlılara aid qədim mədəniyyət-incəsənət nümunələrini saxtalaşdıraraq erməniləşdirir. Paralel olaraq Ermənistandan və xarici ölkələrdən olan erməni alimlərinin Qarabağa axın edərək orada arxeoloji qazıntılar aparır və bu əraziləri “qədim erməni torpaqları” kimi qələmə verir. Bu siyasət hazırda Qarabağın tarixinə dair mövcud olan mötəbər dəlillərin və tarixi faktların təsirini neytrallaşdırıb ermənilərin saxta tarixini formalaşdırmağa yönəlib.
Ermənilərin Qarabağa sonradan köçürüldüyü, bu prosesin XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən başladıldığı barədə təkzibedilməz tarixi faktların mövcudluğunu yaxşı bilən işğalçıların əllərinə bölgənin tarix-mədəniyyət abidələrini saxtalaşdırmaq üçün son 200 ildə yaxşı fürsət düşüb.
Bu prosesi şərh edən Azərbaycan arxeoloqları bildirirlər ki, ermənilər bütün beynəlxalq normalara, müharibə qanunlarına zidd olaraq heç vaxt yaşamadıqları və işğal etdikləri rayonların tarixini dəyişdirir, maddi mədəniyyət nümunələrini məhv edirlər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin sözlərinə görə, İslam dövrünə aid abidələr var ki, üzərində müsəlman epiqrafiyası ilə yazılar olduğundan ermənilər onları dağıdırlar: “Bunları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi qələmə vermək mümkün deyil. Çünki onlar yazılı abidələrdir. Ermənilər həmin abidələri vəhşicəsinə dağıdırlar. Bunlar qəbirüstü abidələrdir, türbələrdir, məscidlərdir. Arxeoloji abidələrə gəldikdə isə bu abidələri də erməni abidəsi kimi qələmə verirlər”.
1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 17 ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı tarix-mədəniyyət abidələrinin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayından çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa, Laçın, Ağdam muzeyləri və başqaları dağıdılıb, onların eksponatları dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb. Məsələn, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq sonradan Gürcüstanda satışa çıxarılmışdı və Azərbaycan hökuməti onları 500 min dollara alıb Bakıya gətirmişdi. Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus eksponat Londondakı Soutbi hərracında 80 min dollara satılıb. İşğal olunmuş ərazilərdə ermənilərin vəhşiliklərindən biri də ondan ibarətdir ki, onlar həmin abidələrdə və ayrı-ayrı tikililərdə yazıları erməni xaçı və yazıları ilə əvəz edirlər.

F.MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed