Şrift:
Könül Ordubadı: Rusiya – Azərbaycan strateji tərəfdaşlığı region üçün mühüm önəmə sahibdir
21.05.2012 [10:54] - Müsahibə
Rusiya Dilçilik Akademiyasının və Rusiya Poeziya Akademiyasının üzvü, diaspor fəalı, şairə Könül Ordubadı ilə müsahibə:
- Könül xanım, ilk öncə sizi bu günlərdə Rusiya Poeziya Akademiyasına üzv seçilməyiniz münasibətilə təbrik edirik. Sizdən başqa Rusiyada belə akademiyaların üzvü olan soydaşlarımız varmı?
- Təbrikinizə görə təşəkkür edirəm. Məlum olduğu kimi, Rusiya ilə bizi iki əsirlik mühüm bir dövr birləşdirir. Bu, böyük tarixdir. Təbii ki, bu dövr ərzində mədəniyyət elitamızın Rusiyadakı həmkarları ilə münasibətləri daha da sıxlaşmış, bu ölkənin müxtəlif elm ocaqlarında təhsil alan həmvətənlərimiz burada müxtəlif sahələrdə uğurlar əldə etmişlər.
Rusiyanı özünə ikinci vətən seçən azərbaycanlı yazıçı kimi, mən də ölkənin ədəbi xadimləri ilə yaradıcılıq sahəsində fikir mübadiləsi aparır, ədəbi cəmiyyətlərin fəaliyyətində yaxından iştirak edirəm.
Bununla belə, hesab edirəm ki, indiki dövrdə qeyd etdiyim cəmiyyətlərdə təmsilçiliyimiz o qədər də ürəkaçan səviyyədə deyil. Məsələn, Rusiya Yazıçılar Birliyinin və Rusiya Poeziya Akademiyasının üzvü seçildiyim zaman məlum oldu ki, mən bu təşkilatlara üzv olan ilk azərbaycanlı qadın yazıçıyam.
İstərdim ki, bu cür nüfuzlu yaradıcılıq təşkilatlarında daha çox azərbaycanlı təmsil olunsun. Buna imkan var. Çünki Rusiyada yaradıcılıqla məşğul olan həmyerlilərimizin sayı kifayət qədərdir.
- Ümumiyyətlə, bu gün soydaşlarımızın Rusiyanın elmi-mədəni və sosial-ictimai dairələrinə inteqrasiyası hansı səviyyədədir?
- Qeyd etdiyim kimi, Rusiyada kifayət qədər yüksək səviyyəli elm, mədəniyyət, ədəbiyyat xadimlərimiz yaşayır, uğurla fəaliyyət göstərirlər. Rusiya cəmiyyətində özünəlayiq yer tutan həmvətənlərimiz hər birimizin fəxridir. Mən əminliklə deyərdim ki, bu ölkədə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya məsələsində heç bir problem yoxdur.
Uğurlar qazanan həmvətənlərimizin, necə deyərlər, yüksəlməsi qarşısında da heç bir maneə yoxdur. Hər şey qanun çərçivəsində olduğu zaman problemlər də ortadan qalxır. Təbii ki, bəzi istisna hallar da mövcud ola bilər, amma, əsasən bu mənada vəziyyət qeyd etdiyim kimidir.
Diqqətimi çəkən bir məqamı da sizinlə bölüşmək istərdim. Əvvəlki illərlə müqayisədə bu gün Rusiyada həm elm, mədəniyyət sahələrində, həm də iqtisadiyyatda, hətta siyasətdə də söz sahibi həmyerlilərimizin sayı xeyli artmışdır. Bu, çox müsbət haldır.
- Bəs Azərbaycan diasporunun fəaliyyəti hansı səviyyədədir?
- Ötən dövr ərzində Rusiyadakı cəmiyyətlərimiz öz fəaliyyətlərini yeni tələblər çərçivəsində genişləndirib. Birliyə, həmrəyliyə xüsusi diqqət yetirilib. 2001-ci il martın 5-də təsis edilən Ümumrusiya Azərbaycan Konqresinin məqsədi də Rusiyada yaşayan azərbaycanlıların sıx birləşməsi, onların hüquq və azadlıqlarının qorunması, xalqımızın, zəngin mədəni irsinin təbliği, Azərbaycan haqqında düzgün informasiyaların Rusiya və dünya ictimaiyyətinə çatdırılmasıdır.
Əminəm ki, Konqresin bu istiqamətdə qazandığı nailiyyətlər barədə ölkəmizdə kifayət qədər məlumatlar yayılmışdır, ona görə də təfərrüta varmıram. Ancaq bunu qeyd etmək istərdim ki, keçən ilin noyabrında Moskvada ÜAK-ın III qurultayının keçirilməsi Azərbaycan diaspor hərəkatının tarixində mühüm hadisə hesab olunmalıdır.
Tədbirdə Rusiyanın 72 regionundan 150-dən çox nümayəndənin toplaşması ölkədəki soydaşlarımız arasında sıx həmrəylikdən, birlikdən xəbər verir. Həqiqətən də, ötən dövr ərzində Azərbaycan diasporu Rusiyanın vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Ölkənin demək olar ki, bütün regionunda nüfuzlu ictimai birliklər fəaliyyət göstərir.
Bilirik ki, bu gün Azərbaycanda yaşayan rus icmasının nümayəndələri üçün hər cür şərait yaradılıb. Onların böyük mədəniyyət mərkəzləri var, Azərbaycanda rus dilinə qayğıkeş münasibət göstərilir. Eynilə Rusiyada Azərbaycan dispor təşkilatlarına müsbət münasibət bəslənilir, biz çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsi hesab olunuruq və ümumilikdə federasiyanın inkişafına və tərəqqisinə layiqli töhfə veriririk.
Gəncləri ətrafında birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı özünün fəallığı ilə seçilir. Hazırda demək olar ki, bütün gənc həmvətənlərimiz bu təşkilatda birləşiblər. Sevindirici haldır ki, təşkilatın coğrafiyası sürətlə genişlənir. Artıq Moskva və Sankt-Peterburqla yanaşı, Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir.
Təşkilatlarımız arasında birbaşa ədəbi-mədəni fəaliyyətlə məşğul olan cəmiyyətlərin olması ölkəmizin daha geniş miqyasda tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Həmin təşkilatlardan biri də Moskvada fəaliyyət göstərən və mənim də üzvü olduğum “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətidir.
Cəmiyyətimiz 2000-ci ilin iyul ayının 31-də AZERROS-un tərkibində fəaliyyətə başladı. 2010-cu ilin sentyabrından Rusiyanin Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdi. Moskvada yaşayıb yaradan ziyalılar tərəfindən qurulmuş bu cəmiyyətin əsas məqsədi dilimizi, adət-ənənələrimizi, musiqimizi və bütövlukdə milli dəyərlərimizi qoruyub saxlamaqdır.
Belə bir yaradıcı cəmiyyətin meydana gəlməsində Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu, professor Rafiq Qurbanovun böyük xidmətləri olmuşdur. 2004-cü ildə Rafiq muəllim vəfat etdi, lakin “Şəhriyar” Vasif Məmmədovun rəhbərliyində yenə də uğurla fəaliyyət göstərdi. 12 elmlər namizədi, 30-dan çox ziyalını ətrafında birləşdirən bu cəmiyyət Güney Azərbaycanımızda yazıb yaradan, qəlbi Vətən eşqi ilə döyünən həmvətənlərimizin haray səsidir.
Cəmiyyətimiz ölməz şairimiz Seyid Məhəmməd Hüseyn Şəhriyarın timsalında bütün nakam şairlərimizin ruhunu yaşadır. “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyət durmadan fəaliyyətini genişləndirir. Hər il müntəzəm olaraq tədbirlər keçiririk. Bu günlərdə isə “Şəhriyar şərəfinə toplum” kitabının və Cingiz Hüseynovun “Fətəli Fəthi” əsərinin təqdimat mərasimini keçirdik.
- Əvvəlki Rusiyada Azərbaycana münasibət birmənalı deyildi. Bu gün münasibətdə hansısa dəyişikliklər hiss olunurmu?
- Əlbəttə. Rusiyada Azərbaycana və azərbaycanlılara münasibət barədə danışarkən təkcə onu qeyd etmək kifayətdir ki, cənab Vladimir Putinin birinci prezidentlik dövründən bu tərəfə ölkələrimizin dövlət başçıları qarşılıqlı olaraq dəfələrlə yüksək səviyyəli rəsmi və dövlət səfərlərə gəliblər.
Bu, əlaqələrimizin inkişaf səviyyəsini göstərir. Bu bir həqiqətdir ki, bütün strateji məsələlərlə bağlı hər iki dövlətin biri-birinə ehtiyacı var. Dostluq münasibətlərinin gələcək inkişafı hər iki tərəfin xeyrinədir. Rusiya – Azərbaycan strateji tərəfdaşlığı, ümumiyyətlə region üçün mühüm önəmə sahibdir. Dağlıq Qarabaq münaqişəsinin həlli ilə bağlı Rusiyanın keçmiş və indiki prezidentlərinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçılarının üçtərəfli görüşləri keçirilir.
Moskvanın bu istiqamətində göstərdiyi təşəbbüslər həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
- Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsi haqqında Rusiya cəmiyyətində informasiya ən çox kimin xeyrinə formalaşıb?
- Əvvəllər bu məsələdə vəziyyət birmənalı şəkildə bizim əleyhimizə idi. Vaxtaşırı Azərbaycan əleyhinə məlumatlar yayılır, yanlış informasiyalar ictimai fikrə mənfi təsir göstərirdi. Bu gün də belə hallar baş verir, ancaq Azərbaycan diasporu dərhal məsələyə münasibətini bildirir və lazımi addımlar ataraq yanlış məlumatın düzəldilməsi üçün təşəbbüslər göstərir. Sevindirici haldır ki, çox zaman həmin təşəbbüslər nəticə verir.
Unutmaq olmaz ki, bundan belə də ermənilər bir çox ölkədə olduğu kimi, Rusiyada da müntəzəm olaraq Azərbaycana və azərbaycanlılara qarşı təbliğat aparacaqlar. Onu da unutmamalıyıq ki, bu millətin nümayəndələri şeytan kimi müxtəlif cildə girərək hər cür fitnə-fəsad törətməkdə pərgardırlar. Onların qarşısını almaq üçün biz daim diqqətli olmalıyıq. Xüsusilə, bu məsələdə Rusiyadakı diasporumuzun üzərinə böyük iş düşür.
Təcrübə isə göstərir ki, Azərbaycan diasporu ermənilərin arzularını ürəklərində qoyacaq səviyyədə formalaşıb, mütəşəkkil qüvvəyə çevrilib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed