Şrift:
Millət vəkili Fərəc Quliyev qalib idmançılarla görüşdü
16.10.2011 [19:50] - MDH, Fərəc Quliyev
7 yaşlı idmançı: “Mən böyüyəndə Mübariz İbrahimov olacam”

Milli Dirçəliş Hərəkatı Partiyasında “Cənub” idman klubunun yetirmələri ilə görüş keçirilmişdir. Görüşün keçirilməsində məqsəd idmançıların 2 oktyabr tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdən qalibiyyətlə vətənə dönməsidir. Açılış edən partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli idman meydançasında qazanılan qələbənin tezliklə müharibə meydanında əldə ediləcəyinə inandıqlarını vurğuladı.

Söz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevə verildi. İdmançılarla görüşdən böyük məmnunluq hissi duyduğunu bildirən Fərəc Quliyev onların uğurlarının daha geniş təbliğinə toxundu. “İdmanın inkişafı millətimizin fiziki cəhətdən inkişafının əsas göstəricisidir. Çox təəssüf olsun ki, biz hələ Qarabağda bayrağımızı dalğalandıra bilmirik. Amma sizin kimi gənclərin üç rəngli bayrağı ermənini məğlub edərək zirvələrə qaldırması ermənilərin psixoloji cəhətdən sınmasına səbəb olur.”

“Cənub” idman klubunun rəhbəri, dünya çempionu Samir Həsənov öz çıxışında idmançılar arasında vətənpərvərliyin inkişafından danışdı və qalib gəlmiş idmançıları təqdim etdi. “Biz idmançıları yüksək əxlaq, vətənpərvərlik ruhunda tərbiyə edirik.Onlar erməni ilə meydana çıxanda “Qarabağ bizimdir” deyib erməninin üzərinə şığıyır. Mənim 7 yaşlı bir tələbəm deyir ki, mən böyüyəndə Mübariz İbrahimov olacam.”

Görüşün sonunda idmançıların döyüşlərinin video çəkilişinə baxıldı və xatirə şəkli çəkildi.

Qeyd edək ki, “Free fighting” Federasiyasının təşkilatçılığı ilə 2 oktyabr tarixində Gürcüstanın Tbilisi şəhərində beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstan, İran, Ermənistan, o cümlədən, Azərbaycan idmançıları iştirak edib. Azərbaycanı təmsil edən “Cənub” idman klubunun yetirmələri 3 qızıl, 1 bürünc medalla qalib gəliblər.
Bu xəbər oxucular tərəfindən 1408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed