Şrift:
Xamneyinin müşaviri: “Kürdistanın İraqdan ayrılması, o bölgədə uzunmüddətli savaşın yaranması deməkdir”
09.09.2017 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi sentyabrın 7-də Sənəndəcdə keçirilən bir tədbirdə çıxış edərək İraq Kürdistanında keçirilməsi nəzərdə tutulan müstəqillik referendumundan danışıb.

Rəhim Səfəvi bildirib ki, İraq, Türkiyə, İran və Suriya, İraq Kürdistanının müstəqilliyə qovuşması üçün referendum keçirilməsi ilə müxalifdir: “Suriyada və İraqda terrorçuların məğlubiyyətə uğramasından sonra bölgədə yeni bir fitnə və intriqa formalaşmaqdadır. Belə ki, müsəlmanların düşməni olan qüvvələr, o cümlədən də sionistlər, ingilislər və amerikalılar Suriya və İraqı parçalamaq fikrinə düşüblər. Hesab edirik ki, İraqın şimal hissəsinin parçalanması və Kürdistanın İraqdan ayrılması, o bölgədə uzunmüddətli müharibənin yaranması deməkdir. Sözsüz ki, bu parçalanmadan ilk ziyan görəcək tərəf isə, həmin bölgədə yaşayan kürd əhalisi, eləcə də Türkiyə, İran və Suriya əhalisi olacaq. Bu parçalanma, həm də regionda sabitliyi pozaraq uzunmüddətli bir savaşın baş verməsinə gətirib çıxaracaq.

Düşmənlərin region ölkələrini parçalamaqda məsədi, kiçik dövlətlər yaradaraq onları sionistlərdən asılı vəziyyətdə saxlamaq və İsrail silahlarının onlara satışını təmin etməkdir. Biz isə ürək yanğısı ilə bu barədə İraq əhalisinə üz tutub onlara xəbərdarlıq edirik. Ümid edirik ki, mütəal Allahın (uca tanrının) yardımı və bölgədəki kürd əhalisinin ayıqlığı ilə İraqı parçalamaq istəyən əcnəbilərin bu planı baş tutmayacaq”.

Qeyd edək ki, İraq Kürdistanının müstəqilliyi ilə bağlı referendum sentyabrın 25-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed