Şrift:
Mühacir kürdlər və İran rejimi Qərbi Azərbaycanda vali postu ilə bağlı birgə plan üzərində işləyir
09.09.2017 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın vali postuna kimin gətiriləcəyi yenə də yerli əhalinin aktual məsələlərindən birinə çevrilib.

Məlumata görə, radikal kürd qruplaşmaları və Azərbaycanda yaşayan mühacir kürdlərə yaxınlığı ilə seçilən Salmasın İran parlamentindəki millət vəkili Şəhruz Bərzgər Qərbi Azərbaycan sakini olmayan kürd kökənli Fridun Hümmətinin əyalətə vali təyin edilməsini dəstəkləyir.

Min bir hiylə ilə Salmasın millət vəkili seçilən Ş.Bərzgər seçkiqabağı təbliğat-təşviqat dönəmində “Kürdistan əgər abadlaşarsa, gizli cənnətdir” seçki şüarından istifadə etmişdir. Bu şəkildə Salması Kürdistan kimi təqdim edən Ş.Bərzgər seçkilərin ikinci mərhələsində ictimaiyyəti aldatmaq məqsədi ilə “Oyaq elim, dayağımdır” şüarı ilə seçkilərə qatılmışdır. Onu yaxından tanıyanlardan biri GünAz TV-yə bildirib ki, “Ş.Bərzgərin həyat yoldaşı Yəzd şəhərindəndir, onun özü də Yəzd sakinidir və uşaqları fars dilində danışır. Onun Salmas şəhəri, yerli əhali və onların problemləri ilə bağlı heç bir anlayışı yoxdur.”

Məlumata görə, Ş.Bərzgər Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə edən Keçmiş Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu vəzifəsindən uzaqlaşdırıldıqdan sonra kürd cərəyanının xeyirinə olan fəaliyyətini daha da genişləndirib.

Əldə etdiyimiz informasiyaya əsasən, Qərbi Azərbaycan Əyalətinin 12 millət vəkilindən 9-u F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı çıxır. Ona Ş.Bərzgər də daxil olmaqla kürdlərdən ibarət olan yalnız 3 millət vəkili dəstək verir.

Mövzu ilə bağlı Urmiyənin millət vəkili Ruhulla Həzrətpur İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazıb. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.

Urmiyənin digər millət vəkili Nadir Qazipur isə qeyd edib ki, “mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə ehtiyacımız yoxdur.”

Urmiyənin millət vəkili Hadi Bahaduri də həmkarları ilə eyni mövqeyi paylaşır. “Mən heç bir iclasda iştirak etməmişəm, F.Hümmətinin vali təyin edilməsinə qarşıyam”- deyə o bildirib.

Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərir. Kürd kökənli F.Hümmətinin Qərbi Azərbaycana vali təyin etməklə bağlı cəhdlər bölgənin kürdləşdirilməsi prosesinə hesablanıb.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed