Şrift:
Qaşqay yurd: Nümayişi qadağan edilmiş “Qara çadır gəlini” tamaşası yenidən səhnəyə qayıdır
12.09.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qaşqay türklərinin ilk dəfə türk dilində hazırladıqları “Qara çadır gəlini” tamaşası yenidən səhnəyə qayıdır.

“Qara çadır gəlini” tamaşası bir ay öncə Fars Əyalətinin Firuzabad şəhərində səhnəyə çıxarıldı, lakin onun nümayişinin qarşısı alındı. Tamaşa İslami İrşad və Mədəniyyət İdarəsindən alınan icazəyə əsasən avqustun 12-dən 19-dək həmin idarənin mədəniyyət salonunda səhnəyə çıxarılmalı idi, lakin səhnələşdirildikdən 3 gün sonra onun nümayişi Firuzabadın İrşad İdarəsi və Ettelaat əməkdaşları tərəfindən dayandırıldı.

“Tehrandan gələn gizli məktubda tamaşanı səhnələşdirən qrupun belə bir icazəsi olmadığı qeyd olunub. Ona görə də tamaşanın nümayişi dayandırılmalı, şəhərdə bununla bağlı yayılan bannerlər isə toplanmalıdır”- deyə İrşad İdarəsinin rəisi və Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tamaşanın nümayişinə qadağa qoyarkən bildirmişdilər.

Artıq tamaşanın Fars Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsindən icazə alaraq yenidən səhnəyə çıxarılacağı bildirilir.

“Qaşqay Online” xəbər verir ki, tamaşa sentyabrın 13-dən 15-dək Fars Əyalətinin seçilmiş salonlarının birində səhnələşdiriləcək.

“Qara çadır gəlini” tamaşasının rejissoru Əli Kuhkən bildirib ki, tamaşanın harada və hansı saatda keçiriləcəyi çərşənbə günü axşam saatlarınadək məlum olacaq.
“Qaşqay sənətkarları bu elin ən cazibəli həyat tərzini türk dilində nümayiş etdirəcəklər, siz onların peşəkarlığına “Qara çadır gəlini” tamaşasında şahid olacaqsınız”- deyə Ə.Kuhkən qeyd edib.

Qaşqay türkləri bir türk eli kimi, daim İran rejiminin təzyiqi altında olub. Bir neçə şəhərdə, lakin kompakt şəkildə yaşayan Qaşqay türklərinin fəalları müəyyən mədəni tədbirlər keçirməklə rejimin asimilasyon siyasəti qarşısında müqavimət göstərməyə çalışırlar.
“Qaşqay yurd” Qaşqay türklərinin yaşadığı ərazilərə deyilir. Bura Kohkiluye-Boyr Əhməd, Çahar Mahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr Əyalətlərinin müəyyən məntəqələri aiddir.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed