Şrift:
''Deyəsən o yuxu gerçək olacaq'' - Atatürk anasına yazdığı məktubda nədən narahat idi?
12.09.2017 [11:19] - Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları
Şahların, sultanların, sərkərdələrin, bir sözlə, tarixi şəxsiyyətlərin və tanınmış şəxslərin ailə üzvlərinə, ölkə rəhbərlərinə və müxtəlif insanlara ünvanladığı məktublar arxivlərdə qorunub saxlanılır. Həmin yazışmalar zaman-zaman açılaraq ictimaiyyətə təqdim olunur. Belə yazışmalardan biri də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə məxsusdur... Enter.News-un növbəti materialı Atatürkün anası Zübeydə xanıma yazdığı məktubdur.

"Əziz Anam!

İstanbuldan ayrılandan bəri sizlərə ancaq bir neçə teleqramdan savayı bir şey yaza bilməmişəm. Bu səbəbdən mənim üçün narahat olduğunuzu təxmin edirəm. Yəqin ki, istər haqqımda söylənilən, istərsə də qəzetlərdən oxuduğunuz, həqiqəti əks etdirməyən yazılar sizlərin rahatlığınızı əlinizdən almışdır. Ancaq indi yazacaqlarımdan sonra narahatçılığınıza son qoyulacağına əminəm.

Bilirsiniz ki, İstanbulda olduğum zamanda xarici qüvvələr dövlətimizi və xalqımızı sıxışdıraraq, millətə xidmət edə bilən nə qədər adamımız varsa, hamısını həbs etmiş və bir qismini də Maltaya sürgün edərək, əl-qol açmağa imkan belə vermirlər. Necə oldusa mənə ilişmədilər. Fəqət, 3-cü ordu müfəttişi olaraq Samsuna ayaq basar-basmaz ingilislər məndən şübhələndilər və hökumətdən gəlişimin səbəbini soruşdular. Nəhayətdə İstanbula geri çağrılmamı istədilər və ciddi-cəhdlə buna israr etdilər. Hökumət də məni aldadaraq İstanbula çağırıb ingilislərə təslim olmama nail olmaq istədi. Mən də bunun dərhal fərqinə vardım və düşündüm ki, öz ayağımla gedib təslim olmağım doğru deyil. Vəziyyət belə olduqda durumu padişahımıza yazaraq gəlməyəcəyimi bildirdim. Zati-aliləri öncə getməməyimi uyğun gördü. Fəqət ingilislərin basqısı artınca, o da İstanbula dönməmi əmr etdi.

Artıq rəsmi görəvimdə qalmağa imkan olmadığını və xidmətdə olduğum müddətcə ingilislərin və hökumətin haqqımdakı israrına qarşı durmağın bir az çətin olacağını hiss etdim. Bir tərəfdə bunlar məni təqib edir, bu biri yanda da bütün Anadolu insanı, bütün ölkə haqqımda böyük sevgi və güvən göstərərək: “Səni buraxmarıq” dedilər.

Doğrudan da vətəni və milləti qurtara bilmək üçün tək çarə xidmətdən ayrılıb sərbəst şəkildə millətin başına keçmək və xalqı tək vücud halına gətirmək idi. Bundan doğacaq qüdrəti və ölkənin olan-qalan gücündən istifadə etməkdən başqa yol yox idi. Mən də elə etdim. Şükür Allaha, artıq buna nail oluram. Çox yaxın zamanda bunu bütün dünya görəcəkdir. Bu sürətlə hərəkət edincə ingilislər həmən yalvarmağa başladılar və məni qazanmağa çalışdılar. Dərhal da bütün günahı bizim hökumətin üstünə yıxdılar. Doğrudan da hökumət də mənə mane olmaq istədi. Fəqət, buna gücü yetmədi və yetməz də.

1. Bu qayda ilə bir müddət Anadoluda çalışmaqla hər şey həll olunacaqdır. Yaxında Millət Məclisini toplanacaq və yeni bir hökumət iqtidara gələcəkdir. Ehtimal ki, mən də o zaman gələcəm İstanbula. Səhhətim qaydasındadır, məndən qətiyyən narahat olmayın.

2. Salih bəy Fuat bəydən alacağını aldımı? Bunu bilgi almaq baxımından soruşuram, yoxsa nə olursa olsun, əlhəmdülillah, heç önəmi yoxdur. Siz rahat olun və bir sıxıntınız olarsa dərhal mənə bildirin.

3. Bu məktubu gətirən “….” Sizə mənim haqqımda istədiyiniz qədər məlumat verəcəkdir. Elə onunla da mənim bəzi paltarlarımı göndərin.

4. Bacımın səhhəti necədir? Evimizə hər hansı bir tərəfdən hücum-filan oldumu? Hələ oradasınızmı? Uşaqlar necədirlər, böyüyürlərmi?

5. Salih (Fansa) bəylə madamı inşallah sağ-salamatdırlar. Mən onları həmişə yadıma salıram. Madamın mənim haqqımda bir röyası vardı, deyəsən o gerçək olacaq. İnşallah, yaxında sevinc içərisində görüşəcəyik.

6. Mən, bir-iki günə bir konfrans üçün Sivasa gedib, yenidən Ərzuruma qayıdacağam. Təkrar edirəm: hər eşitdiyinizə inanmayın. Bilirsiniz ki, mən nə etdiyimi bilirəm, nəticəni görməsəydim, başlamazdım.

Sayqı ilə əllərinizdən, bacımın gözlərindən öpürəm.

M. Kamal

1 Avqust 1920"


Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed